Fransa Prezidenti Emmanuel Makron ABŞ-ni artıq tam etibarlı tərəfdaş kimi görmədiyini açıq şəkildə bəyan edib. Prezidentin sözlərinə görə, hazırda beynəlxalq arenada heç kim bu müttəfiqin etibarlılığına tam əmin ola bilmir.
Qeyd edək ki, ABŞ-İran müharibəsi zamanı Tramp Fransadan hərbi dəstək istəyib, lakin Makron onun çağırışlarına müsbət geri dönüş etməyib. Buna görə də iki ölkə arasında müəyyən gərginliklər yaşanır.
Emmanuel Makronun ABŞ-ni artıq tam etibarlı tərəfdaş kimi görmədiyini deməsi nə ilə bağlıdır? Bu bəyanat hansı geosiyasi mesajı verir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlunun sözlərinə əsasən, Makronun bu cür açıq və sərt tonu heç də təsadüfi deyil və onun bu bəyanatı həm ABŞ-Fransa münasibətlərində gərginliyin əlaməti, həm də Avropaya ünvanlanmış strateji çağırışdır:
“Əslində Makron uzun illərdir eyni xətti müdafiə edir. O həmişə deyirdi ki, Avropa təhlükəsizlik, iqtisadiyyat və geosiyasi qərarlarda Vaşinqtondan həddindən artıq asılı qalmamalıdır. İndi isə mövcud proseslər fonunda o, bunu daha sərt dillə deyir. Səbəb təbii ki, ABŞ siyasətinin, daha açıq desək Trampın dəyişkənliyidir. Makronun əsas narahatlığı budur ki, ABŞ-də administrasiyalar dəyişdikcə xarici siyasət də kəskin dəyişir. Bir prezident NATO və Avropanı prioritet sayır, digəri isə “öncə Amerika” siyasəti aparır. Bu isə Avropa üçün risk yaradır. Yəni vahid bir prinsip mövcud deyil, siyasi kurs daim dəyişikliyə uğrayır”.
Ekspertin sözlərinə əsasən, Tramp düşünür ki, Aİ ABŞ-ni İranla müharibə zamanı meydanda tək buraxıb:
“İranla bağlı gərginlikdə Fransa ABŞ hərbi xəttinə tam qoşulmadığına görə Vaşinqton bundan narazılıq edir. Tutaq ki, Avropa İttifaqı Donald Trampı meydanda tək buraxdı. Amma burada rəsmi Parisin də haqlı iradları var. Makron hakimiyyəti hesab edir ki, ABŞ bəzən müttəfiqlərlə tam məsləhətləşmədən hərəkət edir və sonra onlardan dəstək gözləyir. Bu da Fransa, eləcə də bütün Aİ dövlətləri üçün problem yaradır. Makronun narazılıq tonu ilə desək “Qərarı siz verirsiniz, nəticəsinə görə biz niyə məsuliyyət daşımalıyıq?” Ukrayna məsələsinə diqqət çəkək. Avropa görür ki, ABŞ-də daxili siyasi debatlar səbəbilə Ukraynaya yardım paketlər gecikir. Bu, Avropa paytaxtlarına həyəcan siqnalı verir. Aİ dərhal düşünür ki, ABŞ-dən gələcək yardım avtomatik və daimi deyil. Bir sözlə, Makronun demək istədiyi budur ki, Avropa artıq təhlükəsizlik baxımından yalnız ABŞ-yə arxalanmamalıdır. Fransa özünün “strateji muxtariyyət” xəttini yaratmağa ciddi ehtiyac duyur. Gələcək ABŞ administrasiyalarının Avropaya necə baxacağı ilə bağlı da qeyri-müəyyənlik artır. Vaşinqtonun strateji diqqəti getdikcə Hind-Sakit Okean bölgəsinə yönəlib. Trampın NATO ilə bağlı ritorikası Brüsseldə narahatlıqları daha da artırıb. Bir vaxtlar rahat olan bir fərziyyə indi təcili bir suala çevrilib: Amerika zəifləsə və ya geri çəkilsə, Avropa özünü necə müdafiə edəcək?”.
Bəsti Rəfizadə
Sfera.az