İnsan enerjisinin gün ərzində sabit qalmadığı artıq elmi araşdırmalarla təsdiqlənib. 


 


Sfera.az xəbər verir ki, bədənin bioloji saatı, yuxu keyfiyyəti, hormon səviyyələri və qidalanma vərdişləri gün ərzində enerji səviyyəsinə birbaşa təsir göstərir. Bu səbəbdən günün müxtəlif saatlarında fərqli fəaliyyətlərə üstünlük vermək daha səmərəli hesab olunur. Araşdırmalara görə, səhər saatlarında bədən oyanış mərhələsində olur. Kortizol hormonunun səviyyəsi artsa da, beyin tam performans üçün müəyyən zamana ehtiyac duyur. Bu səbəbdən səhər saat 07:00-dan 10:00-a qədər olan müddətdə plan qurmaq, e-mailləri yoxlamaq, yüngül fiziki aktivlik və sadə işlərlə məşğul olmaq daha məqsədəuyğun sayılır. Enerjinin ən yüksək olduğu vaxt isə adətən saat 10:00-dan 14:00-a qədər davam edir.


 


Mütəxəssislər bildirirlər ki, bu saatlarda diqqət, yaddaş və qərarvermə qabiliyyəti daha güclü olur. Buna görə ən vacib görüşlər, imtahanlar, hesabatlar və yaradıcı işlər üçün bu zaman aralığı tövsiyə edilir. Günorta saatlarından sonra isə bir çox insanda enerji azalması müşahidə olunur. Elmdə bu vəziyyət “post-lunch dip” adlanır. Saat 14:00-dan 16:00-a qədər olan müddətdə rutin işlər görmək, toplantılar keçirmək və qısa fasilə vermək daha uyğun hesab edilir. Axşamüstü saatlarında enerji yenidən yüksələ bilər.


 


Xüsusilə saat 16:00-dan 19:00-a qədər fiziki performans və koordinasiya daha yaxşı olur. Bu səbəbdən idman, aktiv işlər və hərəkət tələb edən fəaliyyətlər üçün ən uyğun vaxtlardan biri sayılır. Axşam saatlarında isə bədən yavaş-yavaş istirahət rejiminə keçir. Saat 22:00-dan sonra melatonin hormonunun artması ilə orqanizm yuxuya hazırlaşır. Mütəxəssislər gec saatlara qədər oyaq qalmağın növbəti gün enerji səviyyəsini aşağı saldığını bildirirlər. Araşdırmanın nəticəsinə əsasən, enerjini düzgün bölüşdürmək üçün günün ən məhsuldar saatlarında çətin işləri görmək, aşağı enerjili vaxtlarda isə daha sadə tapşırıqlara üstünlük vermək tövsiyə olunur.


 


Fidan Hacızadə


Sfera.az