Son illərdə cəmiyyətdə diqqət çəkən əsas dəyişikliklərdən biri insanların ünsiyyətə münasibətinin fərqli istiqamətdə inkişaf etməsidir.


 


Xüsusilə gənclər arasında tək qalmağa üstünlük verilməsi və sosial əlaqələrdən müəyyən qədər uzaqlaşma tendensiyası daha qabarıq şəkildə hiss olunur.


 


Maraqlıdır, son illərdə cəmiyyətdə asosial davranış niyə artır? Gənclər niyə daha çox tək qalmağa üstünlük verir? Asosiallıq psixoloji problemdir, yoxsa sosial mühitin nəticəsi?


 


Mövzu ilə bağlı psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, son illərdə insanlarla ünsiyyət azalır, amma səs-küy çoxdur:


 



 


“Hamı danışır, amma çox az insan həqiqətən dinləyir. Dinləmək mədəniyyəti aradan qalxır. Bəzən yaşlı nəsil bu mövzuda gəncləri qınayır, amma müşahidə edəndə görürsən ki, bu davranış hamıya aid olub. Sadəcə yaşlı nəsil gənclərdən daha çox anlayışlı olmağı gözləyir, eyni zamanda gənclər də yaşlı nəsildən anlaşılmaq kimi bir tələbi ortaya qoyur. Bəlkə də buna görə insanlar getdikcə daha çox tək qalmağa üstünlük verir. Çünki bir çox münasibət artıq anlayış yox, yorğunluq yaradır. Əlbəttə ki, asosiallıq hər zaman psixoloji problem deyil. Bəzən bu, insanın özünü qoruma formasıdır. Daim mühakimə olunan, müqayisə edilən, dəyəri görünməyən bir insan zamanla öz içinə çəkilir. Çünki insan ruhu da bədən kimi yorulur”.


 


Psixoloq qeyd edib ki, saxta münasibətlər, marağa görə qurulan yaxınlıqlar, istifadə edilmək qorxusu və etibarın azalması insanları səssizliyə öyrəşdirir:


 


“Bugünkü cəmiyyət insanı həm görünməyə məcbur edir, həm də olduğu kimi qəbul etmir. Sosial şəbəkələrdə hər kəs xoşbəxt görünür, amma daxilən bir çox insan özünü yad hiss edir. Gənclər artıq “çox insan tanımaq” yox, “özünü rahat hiss etdiyi bir insan tapmaq” istəyir. Çünki emosional təhlükəsizlik bu dövrdə ən böyük ehtiyaclardan birinə çevrilib.


 


Psixoloji olaraq uzunmüddətli stress, travmalar, ailədaxili gərginlik, anlaşılmamaq hissi və emosional yorğunluq insanı cəmiyyətdən uzaqlaşdıra bilər. Amma sosial faktorları da unutmaq olmaz. İnsan artıq dəyərinə görə yox, faydasına görə seçildiyini hiss etdikcə, iç dünyasına çəkilir. Bu da tədricən asosial davranışın artmasına səbəb olur. Bəzən insanlar “niyə dəyişmisən?” deyə soruşur. Halbuki məsələ dəyişmək deyil. Sadəcə insan hər gördüyü üzdə səmimiyyət tapa bilməyəndə, öz səssizliyinə sığınır. Məncə, bugünkü asosiallıq təkcə psixoloji vəziyyət deyil. Bu, həm də dövrün insan psixikasına verdiyi cavabdır. Çünki hər insanın içində ünsiyyət qurmaq istəyən bir tərəf var. Sadəcə artıq çoxları anlaşılmadan danışmaqdan yorulub. Amma hər nə olur-olsun, ünsiyyətdən qaçmaq faydalı deyil; insan özünə qapandıqca həyatın marağı azalır. Həyatı gözəlləşdirən insanlardır və onu ən maraqlı edən də insanlar arasında xoş ünsiyyətdir”.


 


Niyaz Hacıyev


Sfera.az