ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi blokada birbaşa İran iqtisadiyyatını hədəfə alaraq neft gəlirlərinin qarşısını kəsir və Tehranı ciddi istehsal böhranı ilə üz-üzə qoyur. Analitiklərin qənaətinə görə, xam neft anbarlarının dolması nəticəsində hasilatın dayanması və neft quyularının zərər görməsi ehtimalı mövcud gərginliyi daha da dərinləşdirə bilər.
Donald Trampın "bombadan daha effektiv" adlandırdığı bu blokada strategiyası ilə Vaşinqton, İranı danışıqlar masasına "təslimçi" mövqedə əyləşməyə məcbur etməyi planlaşdırır.
Blokada Tehranı geri addım atmağa vadar edəcəkmi?
Məsələ ilə bağlı Sfera.az-a fikirlərini bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, Hörmüz boğazındakı bu sıxışdırma siyasəti qısamüddətli dövrdə İran iqtisadiyyatına ağır zərbə vursa da, bu, Tehranın dərhal geri çəkiləcəyi mənasına gəlmir:
"Hörmüz boğazı vasitəsilə ixracın məhdudlaşdırılması ölkənin əsas gəlir qaynağı olan neft satışlarını minimuma endirir və logistik zənciri iflic edir. Bu vəziyyət həm valyuta axınını azaldır, həm də enerji sektorunda saxlama problemləri yaradır. Lakin İran bu cür təzyiqlərə qarşı tarixən uyğunlaşma mexanizmləri formalaşdırıb: qeyri-rəsmi ixrac kanalları, vasitəçi ölkələr üzərindən satış və daxili istehlakın tənzimlənməsi vasitəsilə mənfi təsirləri müəyyən qədər yumşalda bilər".
Ekspert həmçinin qeyd edib ki, bu cür blokada addımları qarşı tərəfi güzəştə getməkdən ziyadə, daha da radikallaşmağa və gərginliyi artırmağa sövq edir:
"İran üçün bu məsələ sadəcə iqtisadi deyil, həm də dövlət suverenliyi və mövcud rejimin legitimliyi məsələsidir. Bu səbəbdən, blokada yanaşması Tehranı masa arxasına gətirməkdən çox, regionda hərbi qarşıdurma riskini artırır. Əgər paralel olaraq diplomatik kanallar işə salınmasa, blokada təkbaşına nəticə verməyəcək, əksinə, genişmiqyaslı münaqişə üçün zəmin hazırlayacaq".
Digər politoloq Xəqani Cəfərli isə vurğulayıb ki, ABŞ-nin tətbiq etdiyi blokada və teokratik rejimin daxili məhdudiyyətləri son bir ayda bir milyondan çox insanın işsiz qalmasına yol açıb:
"Yaxın həftələrdə daha iki milyon insanın iş yerini itirmə təhlükəsi var. Qiymətlərdə, xüsusən də həyati əhəmiyyət kəsb edən dərman preparatlarında kəskin bahalaşma müşahidə olunur, milli valyuta isə sürətlə dəyərdən düşür. Bütün bu ağır sosial-iqtisadi sarsıntılara rəğmən, rejim öz mövcudluğunu qoruyub saxlayır. Hesab edirəm ki, İran dövlət strukturu olaraq sarsılsa belə, rejim hansısa formada qalacaq. Çünki bu sistem dini və ideoloji əsaslara söykənir. Nə qədər ki, ayətullahların fətvaları cəmiyyətin müəyyən kəsimi üçün əhəmiyyətini itirməyib, rejim təfəkkürlərdə yaşamaya davam edəcək".
Bəsti Rəfizadə
Sfera.az