Tehran Hörmüz boğazı ilə bağlı hərəkətlərini qonşu və sahilyanı ölkələrlə əlaqələndirmək niyyətindədir.


 


Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.


 


“Əl-Cəzirə”nin yaydığı xəbərə görə, nazirliyin sözçüsü bildirib ki, Hörmüz boğazındakı vəziyyətlə bağlı region ölkələri ilə koordinasiya aparılacaq. O, həmçinin İranın bölgədə gərginliyin artmaması və mümkün təhlükələrin qarşısının alınması üçün Omanla konkret əməkdaşlıq addımları üzərində işləmək niyyətində olduğunu vurğulayıb.


 


Maraqlıdır, Hörmüz boğazı ilə bağlı İranın qonşu ölkələrlə koordinasiya planı bölgədə sabitliyə necə təsir edə bilər? Bu cür regional əməkdaşlıq təşəbbüsləri real nəticə verə bilərmi? Bu prosesdə Omanın rolu nə qədər əhəmiyyətlidir və vasitəçi kimi çıxış edə bilərmi?


 


Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, İranın məhz indi bu cür koordinasiya və əməkdaşlıq ritorikasını ön plana çıxarması təsadüfi deyil. Onun sözlərinə görə, Tehran uzun müddət regional təhlükəsizlik məsələlərində daha çox asimmetrik çəkindirmə strategiyasına üstünlük verirdi, yəni başqa sözlə birbaşa çoxtərəfli platformalar qurmaqdan çox, öz təsir imkanlarını fərqli kanallar vasitəsilə qorumağa çalışıb:


 



 


“Bunun səbəblərindən biri həm region ölkələri ilə dərin etimadsızlıq, həm də ABŞ ilə qarşıdurmanın yaratdığı sərt geosiyasi mühit idi. Belə şəraitdə İran üçün açıq regional təhlükəsizlik təşəbbüsləri irəli sürmək ya nəticəsiz qalırdı, ya da zəiflik kimi qəbul olunmaq riski daşıyırdı. Amma hazırkı vəziyyət fərqlidir. ABŞ-nin hərbi və ya iqtisadi təzyiqi ortadadır, xüsusilə də dəniz nəqliyyatı üzərində nəzarət İranı oyun qaydalarını dəyişməyə məcbur edir. Hörmüz boğazı İranın əlində olan ən mühüm geostrateji rıçaqlardan biridir və bu rıçaq indi faktiki olaraq həm təhdid, həm də diplomatik alət kimi istifadə olunur. Əvvəllər Tehran daha çox bu boğaz üzərindən dolayı mesajlar verirdisə, indi onu açıq şəkildə regional dialoq mövzusuna çevirməyə çalışır. Bu isə faktiki olaraq təzyiqi kollektiv məsuliyyətə çevirmək cəhdidir. Məsələ burasındadır ki, ABŞ-nin dəniz blokadası və sərt nəzarət tədbirləri İran üçün ikili risk yaradır. Bir tərəfdən iqtisadi baxımdan təcrid dərinləşir, digər tərəfdən isə yeni hərbi eskalasiya ehtimalı artır. Odur ki, ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq Körfəz ölkələrinə zərbələr endirən İran indi Hörmüz boğazı ilə bağlı hərəkətlərini qonşu ölkələrlə əlaqələndirmək məcburiyyəti ilə üzləşib”.


 


Politoloq vurğulayıb ki, konkret tədbirlər üzərində əməkdaşlıq etmək üçün Omanın seçilməsi də təsadüfi deyil:


 


“Oman uzun illərdir ki, regionda neytral və balanslı xarici siyasət yürüdən, müxtəlif tərəflər arasında dialoq kanallarını açıq saxlayan aktor kimi tanınır. Onun həm İranla, həm də Qərb və ərəb ölkələri ilə münasibətlərinin nisbətən sabit olması onu potensial vasitəçi kimi ön plana çıxarır. Oman daha əvvəl də regional və beynəlxalq böhranlarda səssiz diplomatiya vasitəsilə mühüm rol oynayıb və eləcə də ABŞ və iran arasında həm Omanda, həm də Cenevrədə keçirilən danışılqarda vasitəçi olub. Omanın bu təcrübəsi onu Hörmüz boğazı ətrafında mümkün gərginliyin idarə olunmasında effektiv platformaya çevirə bilər.


 


Xüsusilə də hərbi eskalasiyanın qarşısını almaq və kommunikasiya kanallarını açıq saxlamaq baxımından Oman kimi aktorun iştirakı kritik əhəmiyyət daşıyır. Odur ki, prinsipcə Oman bu prosesdə həm balanslaşdırıcı, həm də vasitəçi rolunda çıxış edərək təşəbbüsün praktik nəticələrə çevrilməsində açar aktor ola bilər. Amma İranın təşəbbüsünün uğuru təkcə Omanın vasitəçiliyindən asılı deyil. Bunun üçün region ölkələrinin qarşılıqlı şəkildə bir-birinə etimad göstərə bilməsi və ən əsası da ABŞ-nin maraqlarının hansısa şəkildə təmin edilməsi lazımdır. Əks halda dəniz blokadası davam edəcək və bu zaman Hörmüzlə bağlı region ölkələri arasında hansısa razılşama belə mənasız olacaq”.


 


Niyaz Hacıyev


Sfera.az