ABŞ ordusu Almaniyadakı hərbi mövcudluğunu azaldır. Məlumata görə, Vaşinqtonun 5000 əsgərini geri çəkmək qərarına əsas səbəb avropalı müttəfiqlərin Donald Trampın gözlədiyi dəstəyi nümayiş etdirməməsidir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl özünün "Truth Social" platformasında Almaniyadakı hərbi kontingentin azaldılması təklifi ilə çıxış etmişdi. Almaniya Kansleri Fridrix Mers isə ABŞ hökumətinin 5 min amerikalı hərbi qulluqçunu ölkədən çıxarmaq qərarına təəccüblənmədiyini bildirib.
Bəs bu proses Avropanın ümumi təhlükəsizlik arxitekturası üçün real təhdid yarada bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ uzun illərdir NATO çərçivəsində Avropada yalnız müdafiə qalxanı deyil, həm də mühüm siyasi çəkindirici faktor rolunu oynayıb. Bu səbəbdən hərbi kontingentin sayındakı istənilən azalma haqlı olaraq strateji narahatlıq doğurur:
“Lakin burada əsas məqam çıxarılan qoşunların sayından çox, onların hansı regiona yönləndiriləcəyi ilə bağlıdır. Əgər bu addım sadəcə texniki rotasiya xarakteri daşıyırsa və ya qüvvələrin Yaxın Şərq, yaxud Hind-Sakit okean bölgəsinə dislokasiyası ilə əlaqədardırsa, bu, Avropanın təhlükəsizliyinin dərhal risk altına düşməsi demək deyil. Çünki qitənin kollektiv müdafiə sistemi hələ də NATO-nun 5-ci maddəsinə əsaslanır və ABŞ-nin bölgədən tam geri çəkilməsi baş vermir”.
Politoloq qeyd edib ki, buna baxmayaraq, Vaşinqtonun qərarının psixoloji təsiri olduqca böyükdür:
"ABŞ açıq şəkildə mesaj verir ki, NATO ölkələri İranla münaqişədə lazımi dəstəyi göstərmədiyi üçün Avropanın təhlükəsizlik yükünü azaltmaq niyyətindədir. Görünən odur ki, Vaşinqton qlobal hərbi resurslarını daha çevik idarə etməyə çalışır. Bu qərar bir tərəfdən hərbi prioritetlərin dəyişməsidir, digər tərəfdən isə Avropaya öz təhlükəsizlik yükünü daha çox daşımaq barədə verilən ciddi xəbərdarlıqdır”.
Y. Bağırzadə bu cür addımların Avropa daxilində strateji boşluq hissini gücləndirdiyini vurğulayıb:
"Avropa hələ ki, ABŞ-dən asılı olmayan, tam inteqrasiya edilmiş vahid müdafiə sistemi formalaşdıra bilməyib. Odur ki, Vaşinqtonun bu qərarı potensial risklər vəd edir. Ən böyük təhlükə hərbi mövcudluğun azalmasından çox, qarşılıqlı etimadın zəifləməsidir. Əgər Avropa dövlətləri ABŞ-nin gələcək böhranlarda avtomatik müdaxilə edəcəyinə dair şübhə duymaya başlasalar, bu, NATO-nun çəkindirici gücünü zəiflədə bilər. Bu boşluğu isə ya Avropa özü doldurmalı, ya da yeni təhlükəsizlik mexanizmləri yaratmalıdır. Ümumilikdə, bu proses hələ ki birbaşa hərbi kollaps yaratmır, lakin strateji tarazlığın köklü şəkildə dəyişməsinə səbəb olur".
Bəsti Rəfizadə
Sfera.az