Diplomatiya sənəti bu işlə məşğul olan şəxslərdən ifadə olunan hər kəlmənin ölçülüb-biçilməsini, hər jestin təsirlərini dəqiq bilməyi tələb edir. Bu prinsiplərə əməl edə bilməyən diplomatlar sadəcə özlərinə yox, həm də təmsil etdikləri dövlətə qarşı çoxlu problemlər, lüzumsuz narazılıqlar yaradırlar. 




Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvanda verdiyi son açıqlamalar da bu baxımdan təəssüf doğurur. Onun ifadə etdiyi sözlər sosial şəbəkələrin istər Azərbaycan, istərsə də Türkiyə seqmentində ciddi narazılıq və sualların yaranmasına səbəb olub.


 


Sfera.az xatırladır ki, erməni jurnalistin sualına cavab olaraq “Özümü burada evimdəki kimi hiss edirəm”, hətta “Verdiyim təkliflərin heç biri Türkiyənin xeyrinə deyildi, əsas məqsədim erməni xalqının rifahı idi” deyən Sərdar Kılıç, bəlkə də “yumşaq diplomatiya” yürütmək istəyib. Amma o, unudub ki, diplomatiyada həddindən artıq səmimiyyət çox vaxt zəiflik və ya tarixi yaddaşsızlıq kimi qəbul edilir.




Cənab Kılıç təcrübəli bir diplomatdır, amma xatırlatmaq yerinə düşər ki, İrəvan Azərbaycanın tarixi torpağıdır və bu gün orada bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın etnik təmizləmə apardığı bir şəhərdə Türkiyə kimi müttəfiq bir ölkənin diplomatının bu cür qəbuledilməz ifadələr işlətməsi, həmin torpaqların əsl sahiblərinin ruhuna və qayıdış həsrəti ilə yaşayan minlərlə soydaşımızın hisslərinə toxunur. Ermənistan hələ də konstitusiyasından Türkiyə və Azərbaycana qarşı iddiaları çıxarmayıb, Ağrı dağına “Ararat” deyib sahiblənməyə çalışarkən, türk diplomatın İrəvanı özünə “ev” seçməsi qarşı tərəfə yanlış və təhlükəli bir təsəlli mesajıdır.




Sərdar Kılıçın ritorikasındakı ən təəccüblü məqam isə onun verdiyi təkliflərin sanki Türkiyənin deyil, Ermənistanın maraqlarına xidmət etdiyini etiraf etməsi oldu. “Verdiyim təkliflərin heç biri Türkiyənin xeyrinə deyildi, əsas məqsədim erməni xalqının rifahı idi” yanaşması diplomatiya tarixində nadir rast gəlinən, gülünc fədakarlıqdır.




Bir diplomatın vəzifəsi təmsil etdiyi dövlətin maraqlarını qorumaqdır. Əgər ortada bir normallaşma prosesi varsa, bu, qarşılıqlı xeyir və regional təhlükəsizlik üzərində qurulmalıdır. Azərbaycanın Zəngəzur dəhlizi gözləntisi, Ermənistanın konstitusion dəyişiklik öhdəliyi ortada ikən, türk diplomatın "erməni rifahı" üçün bu qədər canfəşanlıq etməsi, İrəvanın masada daha da inadkarlaşmasına şərait yarada bilər. Bu cür "istiqanlılıq", dırnaqarası təvazökarlıq qarşı tərəfdə güzəşt deyil, sadəcə yeni tələblər iştahı oyadır.




Erməni mediası bu cür sualları məqsədli şəkildə hazırlayır. Onların hədəfi türk rəsmilərini İrəvanla doğmalaşdırmaq, bununla da keçmişin cinayətlərini və bugünkü revanşizmi pərdələməkdir. Sərdar Kılıç isə bu tələyə səmimiyyətlə düşərək, İrəvanı Ankaranın bir məhəlləsi kimi təqdim etməyə çalışır. Halbuki, o küçələrdə hələ də Türkiyə və Azərbaycan əleyhinə nifrətin alovlanması üçün kiçik bir qığılcım yetərlidir.




Xatırlatmaq yetər ki, cəmi bir il əvvəl İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılması və buna bəraət qazandırılması hələ də yaddaşlardadır. Bu ilin aprelində isə İrəvanda yenidən Türkiyə bayrağının yandırılması bir daha sübut edib ki, o küçələrdə "türk evi" yox, türk nifrəti hakimdir. Ermənistan hələ də mülki türk diplomatlarını qətlə yetirən ASALA terrorçularını "milli qəhrəman" kimi uca tutur, onlara abidələr ucaldır.


 


Diplomatlarımızı ailələrinin gözü qarşısında şəhid edən bir zehniyyətin paytaxtında "özümü evimdə hiss edirəm" demək, ən azından o şəhidlərin və diplomatların ruhuna hörmətsizlikdir. 




Ermənistan tərəfi türkün bayrağını yandırır, abidələr ucaldır, terroru vəsf edir, Sərdar Kılıç isə bütün bunları unudaraq, bir heç sayaraq "özümü burada evimdəki kimi hiss edirəm" deyir. Diplomatiya nəzakət tələb edir, bəli, amma bu nəzakət milli qürur və tarixi gerçəkliklərin önünə keçməməlidir. Türkiyə bayrağının İrəvan küçələrində hələ də ayaqlar altına atıldığı bir vaxtda, Sərdar Kılıçın bu "evdarlıq" sevdası ən yumşaq desək, diplomatik uzaqgörənlikdən məhrum bir addımdır.




Bəli, biz Türkiyə ilə “bir millət, iki dövlətik” və Ankara ilə Bakının strateji hədəfləri birdir. Lakin Sərdar Kılıç kimi fərdlərin şəxsi emosional çıxışları müttəfiqliyin strateji hədəfləri qarşısında çətin vəziyyətə salır. Sərdar Kılıç və onun timsalındakı şəxslər bilməlidir ki, diplomatiya masasında dostluq və evdarlıq deyil, milli maraqlar diktə etməlidir.




Bəsti Rəfizadə

Sfera.az