Qloballaşma, texnologiyaların sürətli inkişafı və sosial şəbəkələrin həyatımızda artan rolu cəmiyyətin ən fundamental sütunlarından biri olan ailə institutuna da təsirsiz ötüşmür. Ənənəvi ailə dəyərlərinin zəifləməsi fonunda xüsusilə gənclərin dünyagörüşündə, davranışlarında və prioritetlərində müəyyən dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər onların cəmiyyətə münasibətinə birbaşa təsir edir və yeni sosial tendensiyaların formalaşmasına səbəb olur.
Bəs ailə institutunun zəifləməsi gənclərin dəyərlərinə necə təsir edir? Onların cəmiyyətə baxışında hansı yeniliklər ortaya çıxır və bütün bunlar gələcək üçün hansı nəticələr vəd edir?
Sfera.az-a bu barədə açıqlama verən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, son illərdə cəmiyyətdə çox ciddi dəyişikliklər baş verib:
“Bu dəyişikliklər ilk növbədə texnologiyanın sürətli inkişafında, qloballaşma prosesində və informasiyaya çıxış imkanlarının genişlənməsində özünü göstərir. Vaxtilə insanların şüuraltında qalan sosial maraqlar, düşüncələr və fərdi davranışlar bu gün artıq real həyatın bir hissəsi kimi açıq şəkildə ortaya çıxır. Başqa sözlə, ümumi situasiya tamamilə dəyişib. Sovet dövründə insanlar əsasən bir televiziya kanalına və məhdud informasiya mənbələrinə malik idilər. Sonradan isə yeni siyasi və iqtisadi formasiya yarandı, kapitalist münasibətlər cəmiyyətə daxil oldu. Bunun nəticəsində müxtəlif telekanallar – özəl, ictimai, müstəqil media qurumları və internet televiziyaları meydana gəldi. Bu isə xüsusilə gənclərin dünyagörüşünə, həyat tərzinə və ailə dəyərlərinə ciddi təsir göstərdi.Keçmişdə ailə üzvləri daha çox fiziki təmasda olurdular. Məsələn, övladlar təhsil aldıqları yerlərdən müəyyən fasilələrlə evə qayıdır, ailə ilə birbaşa ünsiyyət qururdular. Bu gün isə vəziyyət fərqlidir. İnsanlar müxtəlif şəhər və ölkələrdə yaşayır, ünsiyyət isə əsasən internet üzərindən mesajlaşma tətbiqləri və sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Videozənglər və onlayn platformalar canlı ünsiyyəti qismən əvəz edib. Bu dəyişikliklər cəmiyyətə həm müsbət, həm də mənfi təsir göstərir. Müsbət tərəflərdən biri odur ki, insanlar elmi biliklərə, yeniliklərə və texnologiyalara dərhal çıxış əldə edirlər. Süni intellekt və müxtəlif rəqəmsal platformalar bu baxımdan böyük imkanlar yaradır. Azərbaycan gəncləri də bu trendlərə uyğunlaşır, yeni bilik və bacarıqları mənimsəyirlər”.
İ.Hüseynli əlavə edib ki, sosial münasibətlərin daha çox virtual müstəviye keçməsi canlı ünsiyyətin zəifləməsinə səbəb olur:
“İnsanlar artıq bir-birinin emosiyalarını, psixoloji vəziyyətini birbaşa hiss etməkdə çətinlik çəkirlər. Ailə daxilində də ünsiyyət çox vaxt sosial şəbəkələr və mesajlaşma qrupları üzərindən qurulur. Demək olar ki, hər ailənin müxtəlif platformalarda öz qrupları mövcuddur və bu, real təmasların azalmasına gətirib çıxarır. Bütün bu proseslər ailə institutunun müəyyən mənada zəifləməsinə təsir edir. Bununla yanaşı, boşanmaların artması kimi sosial tendensiyalar da müşahidə olunur ki, bu da cəmiyyət üçün ciddi narahatlıq doğurur. Bu vəziyyətin yaranmasında qloballaşma və texnologiyanın təsiri danılmazdır.Buna baxmayaraq, bu proseslərin qarşısını tam almaq mümkün deyil. Əsas məsuliyyət fərdlərin, xüsusilə də gənclərin və valideynlərin üzərinə düşür. Gənclərə müəyyən sərbəstlik verilməli, eyni zamanda valideynlər övladları ilə daha yaxından maraqlanmalı, onların təhsili və inkişafı ilə aktiv şəkildə məşğul olmalıdırlar. Yalnız bu halda ailə bağlarının tamamilə zəifləməsinin qarşısını almaq mümkündür”.
Fidan Hacızadə
Sfera.az