Azərbaycanda şagirdlərin gələcək ixtisas və peşə seçimi məsələsi son illərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bir çox hallarda abituriyentlər seçim zamanı şəxsi maraq və bacarıqlarından daha çox ailənin istəklərinə, cəmiyyətin formalaşdırdığı düşüncələrə və müəyyən peşələrin nüfuzuna üstünlük verirlər. Bu isə sonradan həm təhsil prosesində, həm də əmək fəaliyyətində müxtəlif çətinliklər yaradır. Eyni zamanda, məktəblərdə peşə və ixtisas yönləndirməsinin zəif olması, şagirdlərin gələcək planlamasını düzgün qura bilməməsi ilə bağlı fikirlər də tez-tez gündəmə gəlir.




Maraqlıdır, məktəblərdə ixtisas yönləndirməsi niyə yetərli səviyyədə deyil, bu boşluq şagirdlərin gələcək karyera seçimlərinə necə təsir edir və problemin həlli üçün hansı addımlar atılmalıdır?




Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, bu məsələ, əslində, ölkəmizin təhsil sistemiminin illərdir qanayan yarasıdır. Onun sözlərinə görə, biz hələ də şagirdi sadəcə yüksək bal toplayan bir "imtahan maşını" kimi görürük:


 





“Amma həmin gəncin daxili dünyasında hansı bacarıqların yatdığından, onun hansı sahədə özünü xoşbəxt hiss edəcəyindən çox vaxt xəbərsizik. Məktəblərdə ixtisas yönləndirməsinin zəif olmasının kökündə, təəssüf ki, hələ də qalan formal yanaşma dayanır. Psixoloqların və karyera məsləhətçilərinin işi çox vaxt kağız üzərində, sənədləşmə xatirinə görülür, real iş isə kölgədə qalır. Şagird 11-ci sinfə çatanda hələ də hansı ixtisası seçəcəyini bilmirsə, bu, təkcə onun deyil, bütün sistemin problemidir. Ailələrin "diplom olsun, bəsdir" yaxud "filankəsin uşağı hüquqşünas oldu, sən də ol" yanaşması gəncləri öz maraqlarından uzaqlaşdırır. Nəticədə isə biz nə öz işini sevən müəllim, nə həvəslə işləyən mühəndis, nə də peşəkar həkim görə bilirik. Bu boşluq gələcəkdə "diplomlu işsizlər" ordusunun yaranmasına və gənclərin erkən yaşda peşə tükənmişliyi yaşamasına birbaşa yol açır. Bir uşağın riyazi savadı yüksək ola bilər, amma bəlkə onun yaradıcılıq potensialı daha böyükdür? Biz bunu üzə çıxarmadıqca, rəqəmlərin arxasınca qaçan bir nəsil yetişdiririk”.




Ekspert qeyd edib ki, problemin həlli üçün biz ilk növbədə "imtahan mərkəzli" təhsildən "şagird mərkəzli" təhsilə keçməliyik:


 


“Məktəblərdə peşəyönümü işi 9-11-ci siniflərdə deyil, ibtidai siniflərdən, uşağın meyl və maraqları formalaşmağa başladığı dövrdən başlamalıdır. Şagirdlər müxtəlif peşə sahələri ilə tanış olmalı, real iş mühitini görməli və özlərini sınamalıdırlar. Eyni zamanda, valideynlərlə ciddi maarifləndirmə işi aparılmalıdır ki, onlar övladlarının həyatını öz reallaşmamış arzularının poliqonuna çevirməsinlər. Əgər biz bu gün peşə seçimini təsadüflərə və ya quru rəqəmlərə buraxsaq, sabahın peşəkar kadr çatışmazlığını da qaçılmaz edəcəyik. Təhsil sadəcə universitetə girmək deyil, düzgün həyat yolu seçmək bacarığıdır”.




Niyaz Hacıyev 

Sfera.az