Kəkotu (kəklikotu) Azərbaycan mətbəxində və xalq təbabətində geniş istifadə olunan bitkilərdən biridir. Xüsusilə soyuqdəymə, öskürək və həzm problemləri zamanı kəkotu çayından istifadə edənlərin sayı kifayət qədər çoxdur. Son vaxtlar isə bu bitkinin qan təzyiqinə təsiri də maraq doğurur.


Bəs kəkotu çayı yüksək qan təzyiqini həqiqətən aşağı sala bilərmi?


“Yeni Sabah” bildirir ki, mövcud elmi məlumatlara əsasən, kəkotunun qan təzyiqini aşağı salması ilə bağlı kifayət qədər güclü klinik sübut yoxdur. Bitkinin tərkibindəki bəzi maddələrin damarların genişlənməsinə təsir göstərə biləcəyi və bunun nəzəri olaraq təzyiqin azalmasına kömək edə biləcəyi ehtimal edilir. Lakin bu təsirin insanlarda nə dərəcədə effektiv olduğu tam müəyyənləşdirilməyib. pizza mizza


Bu səbəbdən kəkotu çayını hipertoniya xəstəliyinin müalicə vasitəsi hesab etmək düzgün deyil. Xüsusilə yüksək təzyiq üçün həkim tərəfindən təyin edilmiş dərmanları kəkotu çayı ilə əvəz etmək təhlükəli ola bilər.


Gündə nə qədər kəkotu çayı içmək olar?


Kəkotu çayını gündəlik içmək istəyənlər üçün çox konsentrat olmayan dəmləmə daha münasibdir. Təxminən 1 çay qaşığı qurudulmuş kəkotunu bir stəkan qaynar suda 5–10 dəqiqə dəmləmək kifayətdir.


Ümumilikdə gündə 1–2 stəkan kəkotu çayı qəbul etməkdən artıq miqdarlara ehtiyac yoxdur. Çayın həddindən artıq konsentrat hazırlanması və çox miqdarda içilməsi onun faydasını artırmır.


Aşağı təzyiqə meylli insanlar isə daha diqqətli olmalıdır. Kəkotunun mümkün təzyiqsalıcı təsiri belə şəxslərdə başgicəllənmə və halsızlıq kimi narahatlıqlara səbəb ola bilər.


Təzyiq yüksəkdirsə, yalnız bitki çayına güvənmək olmaz


Hipertoniya uzun müddət heç bir ciddi əlamət yaratmadan davam edə bilər. Buna görə də yüksək təzyiq aşkarlandıqda onu yalnız bitki çayları ilə nəzarətdə saxlamağa çalışmaq düzgün yanaşma deyil.


Xüsusilə arterial təzyiq 180/120 mm civə sütununa və ya daha yüksək olduqda vəziyyət ciddi qiymətləndirilməlidir. Sinə ağrısı, nəfəs darlığı, güclü baş ağrısı, görmədə dəyişiklik, nitq pozğunluğu, üz və ya ətraflarda keyimə kimi əlamətlər varsa, təcili tibbi yardım çağırılmalıdır.


Nəticə etibarilə, kəkotu çayı sağlam insan üçün gündəlik içki kimi istifadə oluna bilər, lakin onun yüksək təzyiqi müalicə etdiyini söyləmək üçün kifayət qədər elmi əsas yoxdur. Hipertoniya problemi olan şəxslər isə bitki çaylarından istifadəni əsas müalicənin əvəzi deyil, yalnız əlavə vasitə kimi nəzərdən keçirməlidirlər.



Telegram kanalımız