İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi ABŞ ilə mümkün razılaşmanın şərtlərini elan edib.
Sfera.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, K.Qaribabadi ABŞ ilə aparılan vasitəli danışıqlara toxunaraq diqqətçəkən bəyanatlar verib.
O qeyd edib ki, Vaşinqtonla əldə olunacaq hər hansı bir razılaşma təkcə atəşkəslə məhdudlaşmamalı, regional gərginliyi tamamilə bitirəcək bəndləri ehtiva etməlidir.
İranlı diplomat rəsmi Vaşinqtonla hər hansı bir sazişin imzalanması üçün sanksiyaların ləğv edilməsi, dəniz blokadasına son qoyulması və İranın ətrafındakı ABŞ qüvvələrinin geri çəkilməsinin mütləq olduğunu bildirib. Tehran rəhbərliyi, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını tələb edib.
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rizai isə Qaribabadinin deputatlara ABŞ ilə Pakistan vasitəsilə qurulan təmaslar barədə məlumat verdiyini diqqətə çatdırıb. İ.Rizainin sözlərinə görə, İran rəsmisi görüşdə rəsmi Tehranın şərtlərini bu cür sıralayıb:
"Mümkün saziş çərçivəsində Livan da daxil olmaqla bütün cəbhələrdə müharibə başa çatmalı, İranın ətrafındakı bölgələrdə yerləşən ABŞ qüvvələri geri çəkilməli, dəniz blokadası qaldırılmalı, sanksiyalar ləğv edilməli və İranın dondurulmuş aktivləri sərbəst buraxılmalıdır".
Qaribabadi, həmçinin iddia edib ki, müharibə dövründə danışıqlar masasına oturmaq istəyən tərəf məhz ABŞ olub. İranın müharibə zamanı Vaşinqtonla görüş axtarışında olmadığını vurğulayan nazir müavini, Tehran rəhbərliyinin "40 günlük müharibənin mütləq qalibi" olduğunu irəli sürüb.
Komissiya üzvlərinin də iclasda İranın danışıqlar nümayəndə heyətinin "qalib mövqeyindən" geri addım atmamalı olduğunu bildirdikləri ötürülür. Rəsmilər ABŞ-ın keçmişdə verdiyi vədlərə əməl etmədiyini, xüsusilə də 2015-ci il İran nüvə sazişindən (JCPOA) birtərəfli qaydada çıxmasını nümunə göstəriblər.
İclasda həmçinin İranın Hörmüz boğazı üzərindəki rolunun qorunub saxlanması və bu statusun beynəlxalq səviyyədə tanınması zərurəti dilə gətirilib. Bundan əlavə, komissiya üzvləri BƏƏ rəhbərliyinin "düşmənçilik mövqeyinə" qarşı daha sərt cavab tədbirlərinin görülməsi barədə çağırış ediblər.
Bəsti Rəfizadə
Sfera.az