Ermənistan İstintaq Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun yeddi tərəfdarını həbs edib. Onlar Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının seçki kampaniyasını pozmağa cəhddə ittiham olunurlar.
Qeyd edək ki, Karapetyan Ermənistan vətəndaşı olmaqla yanaşı həm də Rusiya vətəndaşıdır. Bu şəxs rüsiyayönümlü siyasəti ilə tanınır.
Ermənistan dövlətinin Karapetyanın tərəfdarlarını həbs etməsi Rusiya Dövlət Dumasının prezidentin xaricdə ordudan istifadə səlahiyyətlərini genişləndirən qanunun qəbulundan sonra baş verib. Bu qanun Moskvanın tanımadığı beynəlxalq məhkəmələr tərəfindən Rusiya vətəndaşları həbs edildikdə Rusiyanın ora hərbi müdaxilə imkanı verir.
Bəzi analitiklərə görə, sözügedən qanun Moskvanın İrəvana açıq təhdididir və İrəvan buna cavab olaraq da Karapetyanın tərəfdarlarını həbs edib.
Mövzu ilə bağlı politoloq Bəkir Həsənbəyli Sfera.az saytına açıqlamasında qeyd edib ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı son sığınacağı sayılır.
Onun sözlərinə görə, buna görə də Rusiya Cənubi Qafqaz Avropa və Amerikanın təsir göstərməsinin qarşısını almağa çalışır:
"Xüsusilə 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan qarşısındakı məğlubiyyətindən və 30 illik işğala son qoyulmasından sonra Ermənistan Rusiyanın nəzarətindən çıxmağa can atır. Avropaya inteqrasiya qanununun qəbulu, parlamentdəki müzakirələr və beynəlxalq tədbirlər Ermənistanın Rusiyadan uzaqlaşdığını sübut edir. Rusiya isə buna sərt müqavimət göstərir, öz nümayəndələrini İrəvana göndərir və hesab edir ki, Ermənistanda hakimiyyəti dəyişməklə regionda mövqeyini qoruyub saxlaya bilər".
Politoloq qeyd edib ki, rusiyalı erməni biznesmen Samvel Karapetyanın Ermənistanda böyük təsir imkanları var:
"Onun rəhbərlik etdiyi “Daşır” şirkətlər qrupunun ölkədə qaz və işıq satışı ilə məşğul olması Rusiyanın rıçaqlarını gücləndirir".
Ekspert hesab edir ki, seçki ərəfəsində baş verəcək hər hansı təxribat Paşinyanın əleyhinə işləyə bilər:
"Lakin hazırda zəifləmiş Rusiyanın ikinci bir hərbi cəhbə açması inandırıcı deyil, çünki bu, Moskvanın özünə böyük problemlər yaradar. Hərbi müdaxilə qanunu isə daha çox qorxu yaratmaq məqsədi daşıyır. Yəni Rusiya mesaj verir ki, onun vətəndaşlarına qarşı xaricdə addım atılsa, hərbi güclə cavab verəcək. Halbuki hazırda Rusiyanın buna nə iqtisadi, nə də hərbi gücü çatır. Beş ildir Ukrayna müharibəsindən çıxa bilməyən Rusiyanın bir nəfərə görə hərbi müdaxilə edəcəyi real görünmür. Paşinyanın Karapetyan və Köçəryan tərəfdarlarını cəsarətlə həbs etdirməsi isə onun özünəinamından xəbər verir. Çünki Paşinyan Qərbdən və Avropadan ciddi təhlükəsizlik zəmanətləri alıb. Rusiyanın öz adamlarına dəstəyi isə sadəcə bəyanat səviyyəsində qalacaq. Seçki yaxınlaşdıqca siyasi gərginlik artacaq, hətta seçkidən sonra qarşıdurmalar ola bilər, lakin bu, silahlı toqquşmaya çevrilməyəcək".
Məsələ ilə bağlı politoloq Əli Mustafa da öz şərhini bölüşüb. Onun fikrincə, belə bir şəraitdə Rusiyanın proseslərə müdaxilə etməsi mümkündür:
"Karapetyanın tərəfdarları Rusiyanın dəstəklədiyi qüvvələrdir və onlar Paşinyanın hakimiyyətini zəiflətmək üçün hər yola əl atırlar. Hakimiyyət isə qanunsuzluqların qarşısını almaq üçün sərt inzibati addımlar atır. Seçki qabağı insanlara pul və iş vədləri verməklə Paşinyana qarşı güclü təbliğat aparılır. Bu cür kampaniyaların seçki nəticələrinə təsiri böyük olduğu üçün Paşinyan bu prosesləri dayandırmağa çalışır. Hazırda çox kəskin bir siyasi mübarizə gedir. Belə bir vaxtda Rusiyanın qəbul etdiyi qanun prezidentə xaricdəki rusları qorumaq üçün dərhal müdaxilə etmək icazəsi verir. Bu addım Ermənistandakı seçkilərlə birbaşa bağlı olmasa da, dolayısı ilə əlaqəlidir və psixoloji təzyiq vasitəsidir. Rusiya postsovet məkanındakı ölkələri qorxutmaq istəyir ki, ona yaxın şəxslərə toxunmasınlar. Nəzəri cəhətdən Rusiya bu qanunla həm də gələcək mümkün müdaxilələr üçün bəhanə hazırlayır və öz adamlarının Ermənistanda qarışıqlıq yaratmasına şərait yaradır. Lakin praktiki olaraq Rusiya bunu edə bilməyəcək, çünki Ermənistanla birbaşa sərhədi yoxdur və imkanları məhduddur. Digər tərəfdən, Ermənistan daxilində Paşinyanı müdafiə edən güclü cəmiyyət və siyasi qüvvələr var. Moskvanın Ermənistanı rəsmən hədələdiyi aydın görünür, lakin İrəvan bu təhdidləri nəzərə almadan öz yoluna davam edəcək".
Bəsti Rəfizadə
Sfera.az