Yaxın Şərqdə gərginliyi yenidən pik həddə çatdıracaq növbəti xəbər İrandan gəlib. Tehran rəhbərliyi ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun başına mükafat qoymaq üçün hərəkətə keçib.
Sfera.az xəbər verir ki, İran parlamentində Donald Tramp və Benyamin Netanyahuya qarşı birmənalı qarşılanmayan qanun layihəsi gündəmə gətirilib.
Sənəddə Tramp və Netanyahunun öldürülməsi müqabilində 50 milyon avro, yəni 99 milyon manata yaxın mükafat verilməsinin rəsmiləşdirilməsinin planlaşdırıldığı iddia edilib.
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "İslam Respublikası Hərbi və Təhlükəsizlik Qüvvələrinin Qarşı Addımı" adlı xüsusi planın hazırlandığını elan edib.
Komitə sədri ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və CENTCOM (ABŞ Mərkəzi Komandanlığı) rəhbərliyini İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə qarşı hücumlarda birbaşa məsuliyyət daşımaqda ittiham edib.
İran dövlət televiziyasına danışan Əzizi kəskin bəyanatla çıxış edib:
"Tramp Əli Xameneyinin öldürülməsi əmrini verdiyi üçün hər bir müsəlman və hər bir azad insan tərəfindən cəzalandırılmalıdır".
Məlumata görə, Tramp və ya Netanyahunu qətlə yetirən şəxsə yaxud qruplaşmaya 50 milyon avro ödənilməsinin hüquqi bazasının yaradılması hədəflənib. Layihədə bu addımın qətlə yetirilən dini lider Ayətullah Əli Xameneyinin qisası kimi qələmə veriləcəyi vurğulanıb.
Bəsti Rəfizadə
Sfera.az