Azərbaycanın iqtisadi inkişaf strategiyasında dünya bazarlarına bağlantı, insan kapitalının gücləndirilməsi və şəhərlərin iqtisadi potensialının inkişafı əsas istiqamətlərdən biridir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Nazir qeyd edib ki, bu məqsədlə ölkədə avtomobil yolları və dəmir yolları ilə yanaşı, "yumşaq infrastruktur" və bağlantı imkanlarının inkişafına da xüsusi diqqət yetirilir: "Bu yanaşma şəhərlərin ənənəvi iqtisadi üstünlüklərini qorumağa və eyni zamanda yeni ideyaların inkişafına imkan verir. İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi modellər tətbiq olunur. Xankəndidə Qarabağ Universitetinin yerləşəcəyi universitetin şəhər konsepsiyası müasir Azərbaycan tarixində ilk nümunədir. Biz hesab etdik ki, iqtisadi fəaliyyət akademik fəaliyyət ətrafında formalaşa bilər".
M. Cabbarovun sözlərinə görə, Gəncə, Naxçıvan və Şəki kimi şəhərlərdə də insan kapitalı və ənənəvi bilik üstünlüklərinə əsaslanan iqtisadi yanaşma tətbiq edilir: "Mərkəzi hökumət və şəhərlərin rolu ilə bağlı düzgün balansın qurulması vacibdir. Yalnız strategiya və planlaşdırma kifayət deyil. Əsas məsələ onların necə icra olunması və iqtisadi rəqabətdə ədalətli mühitin necə təmin edilməsidir. Şəhər idarəçiliyi sahəsində təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Şuşa ilə Trabzon arasında əməkdaşlıq sənədinin imzalanması da bu yanaşmanın bir hissəsidir".
Nazir bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar yüksək səviyyəli strateji baxış, insan kapitalına davamlı yatırım və institusional inkişaf sayəsində mümkün olub: "Qərarların qəbulunda sürət və keyfiyyət birbaşa olaraq qurulan idarəetmə və əlaqələndirmə infrastrukturundan asılıdır".