Bakıda mənzil qiymətlərinin durmadan artması əhalinin ev sahibi olmaq imkanlarını getdikcə çətinləşdirir. Mövcud qiymətlər orta aylıq əməkhaqqı ilə müqayisədə olduqca yüksəkdir. İpoteka kreditlərinin faiz dərəcələri və ilkin ödəniş tələbləri də bir çox vətəndaşın mənzil əldə etməsinə mane olur. Xüsusilə güzəştli ipotekadan yararlana bilməyən vətəndaşlar üçün ev almaq ciddi maliyyə yükünə çevrilib. Bəs mənzil bazarında qiymətləri əlçatan etmək üçün hansı addımlar atılmalıdır? Sosial ipotekanın şərtlərinin genişləndirilməsi problemi həll edə bilərmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda Bakı şəhərindəki mənzil qiymətləri adekvat deyil:
“Mövcud qiymətlər ölkədəki orta aylıq əməkhaqqına, əhalinin gəlir səviyyəsinə və digər iqtisadi göstəricilərə uyğun gəlmir. Mənzil qiymətləri həddindən artıq yüksəkdir və bu da əhalinin mənzil əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. ShopByBro
İpoteka kreditlərinin bir neçə növü var. Onların arasında ən sərfəlisi 4 faizli sosial ipotekadır. Lakin bu kreditdən yararlanmaq imkanları məhduddur və hər kəs üçün əlçatan deyil. Kommersiya ipotekası isə kifayət qədər bahadır. Banklardan asılı olaraq, bu kreditlər illik 12, 14, 16, hətta 18 faizlə təklif olunur. Bu isə çox yüksək faiz dərəcəsidir. Nəticədə vətəndaşlar 20-25 il ərzində bəzən aldıqları mənzilin ilkin qiymətinin iki mislinə yaxın məbləğ ödəməli olurlar. Bu da insanların mənzil əldə etməsini daha da çətinləşdirir”.
N.Cəfərli bu problemin həlli üçün dövlət dəstəyindən başqa alternativ görmədiyini deyib:
“Düzdür, fəlsəfi baxımdan dövlətin iqtisadiyyata müdaxiləsini doğru hesab etmirəm. Lakin mövcud vəziyyətdə dövlət dəstəyi olmadan, sosial ipotekanın həcmi artırılmadan və onun şərtləri genişləndirilmədən bu problemin həllini mümkün hesab etmirəm. Çünki indiki gəlir səviyyəsi və iqtisadi şəraitdə insanların öz imkanları hesabına mənzil əldə etməsi olduqca çətin görünür”.
Aydan Hacı
Telegram kanalımız