Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, İran və ABŞ danışıqlarda güzəştə getmək üçün kifayət qədər motivasiyalıdır və onların ortaq məxrəc tapmasına mane olan heç bir səbəb yoxdur. Fidanın sözlərindən belə anlaşılır ki, artıq hər iki tərəf razılaşma mərhələsindədir, sadəcə bunun üçün siyasi qərar qəbul edilməlidir. 




Bəs görəsən, yaxın vaxtlarda İran və ABŞ ortaq məxrəcə gələcəkmi?




Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Hakan Fidanın bu açıqlaması əslində Ankara­nın regionda gərginliyin daha da böyüməsini istəmədiyini göstərir:




“Hazırda həm Vaşinqton, həm də Tehran müəyyən təzyiq altındadır. ABŞ Yaxın Şərqdə yeni genişmiqyaslı qarşıdurmanın enerji bazarlarına və qlobal iqtisadiyyata təsirini anlayır. İran isə uzunmüddətli sanksiyaların iqtisadi və sosial yükünü azaltmağa çalışır. Bu səbəbdən tərəflərin tam razılaşma əldə etməsi çətin görünsə də, müəyyən mərhələli anlaşma və ya “məhdud kompromis” variantı daha real görünür. Xüsusilə nüvə proqramı, neft ixracı və regional təhlükəsizlik məsələlərində qarşılıqlı yumşalma ehtimalı artır”.


 





Politoloq qeyd edib ki, prosesin qarşısında ciddi maneələr də qalır:


 


“ABŞ İranın nüvə proqramı və regional təsir imkanlarını məhdudlaşdırmaq istəyir, Tehran isə təhlükəsizlik zəmanəti və sanksiyaların real şəkildə aradan qaldırılmasını tələb edir. Bundan əlavə, İsrail faktoru, Hörmüz boğazı ətrafındakı risklər və regiondakı proksi qüvvələr məsələsi danışıqları həssas saxlayır. Buna baxmayaraq, tərəflərin son aylarda tam qarşıdurmadan yayınmağa çalışması göstərir ki, diplomatik kanal hələ bağlanmayıb. Ona görə yaxın dövrdə böyük “tarixi saziş”dən daha çox, gərginliyi azaltmağa hesablanmış mərhələli və ehtiyatlı anlaşmaların şahidi ola bilərik”.




Niyaz Hacıyev 

Sfera.az