Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) Vortsjarv gölü üzərində NATO-ya məxsus qırıcı tərəfindən vurularaq zərərsizləşdirilib.




Sfera.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkənin ERR ictimai yayımçısına açıqlamasında məlumat verib.




Nazir bildirib ki, hadisədən əvvəl Latviya rəsmilərindən müvafiq məlumat daxil olub:




"Radarlarımız Estoniyanın cənubuna doğru hərəkət edən PUA qeydə aldı. Dərhal lazımi tədbirlər işə salındı və Baltikyanı Hava Polisi missiyasında fəaliyyət göstərən NATO qırıcısı PUA-nı zərərsizləşdirdi".




H. Pevkurun sözlərinə görə, insident Vortsjarv gölü yaxınlığında baş verib. Hazırda Estoniyanın müvafiq qurumları hadisə yerindədir və araşdırmalardan sonra vəziyyətə tam aydınlıq gətiriləcək. O, hava məkanında başqa bir qanunsuz PUA-nın aşkarlanmadığını da vurğulayıb.




Qeyd edək ki, son aylarda Rusiya hava məkanından gələn PUA-lar bir neçə dəfə Baltikyanı ölkələrin (Litva, Estoniya və Latviya) ərazisinə düşüb. Rəsmi qurumlar bu aparatların Ukraynaya məxsus olduğunu və Rusiya hədəflərinə hücum zamanı trayektoriyadan çıxdığını təsdiqləyiblər.




Moskva isə Latviya, Litva və Estoniyanı hava məkanını Ukrayna PUA-larına açmaqda ittiham edərək, xəbərdarlıqlara məhəl qoyulmayacağı təqdirdə cavab veriləcəyini bəyan edib. Baltikyanı ölkələr isə Rusiyanın bu iddialarını qətiyyətlə rədd edir.




Bəsti Rəfizadə

Sfera.az