ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatların pərdəarxası məqamları ortaya çıxıb. 




Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, ABŞ hücumun ilk günlərində İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb.


 


Hücumların son hədəfi İranda mövcud rejimi devirmək olub.


 


Vaşinqtonun bu cəhdini xüsusilə ABŞ-də yaşayan və 1979-cu ildə devrilmiş şah ailəsinin nümayəndəsi Rza Pəhləvi və tərəfdarları fəal şəkildə dəstəkləyiblər. Hətta ABŞ Prezidenti Donald Tramp da əməliyyatların davam etdiyi günlərdə verdiyi bəyanatda İran rejimi daxilindəki bəzi "mülayim" isimlərlə təmasda olduqlarına eyham vurub.




Ancaq qəzetin iddiasına görə, Qərbin əsl planı tamamilə fərqli və daha radikal olub.




Mənbələr bildirib ki, müharibənin ilk günlərində Əhmədinejadın evinin yaxınlığına təşkil edilən hücumda hədəf keçmiş prezident yox, onun ev dustaqlığına nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri olub.




ABŞ rəsmilərinin sözlərinə görə, İsrail ordusu Tehranda ev dustaqlığında saxlanılan sərt xətt tərəfdarı Əhmədinejadı xilas etmək üçün xüsusi əməliyyat keçirib. Plan onun vasitəsilə ölkədə idarəçiliyi ələ almaq olub.




İranda rejim dəyişikliyi etmək istəyən ABŞ və İsrailin bu planı sürətlə iflasa uğrayıb. Əməliyyat zamanı Mahmud Əhmədinejadın yaralandığı iddia edilib. Müharibə başlayandan bəri səssizliyini qoruyan keçmiş prezidentin bu uğursuz İsrail əməliyyatından sonra tamamilə yoxa çıxdığı və harada olduğunun bilinmədiyi vurğulanıb.




Bəsti Rəfizadə

Sfera.az