Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq diplomatik mövqeyi, şəhərsalma potensialı və əməkdaşlıq imkanlarının təqdim olunduğu mühüm platformalardan biri kimi dəyərləndirilib.
Sfera.az-a xüsusi açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, Azərbaycanın belə böyükmiqyaslı beynəlxalq tədbirlərə ardıcıl ev sahibliyi etməsi ölkənin uğurlu xarici siyasətinin və artan diplomatik çəkisinin göstəricisidir.
Onun sözlərinə görə, Bakı artıq tədricən beynəlxalq tədbirlərin keçirildiyi əsas diplomatik mərkəzlərdən birinə çevrilir:
“Bu cür tədbirlər Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinin göstəricisidir. Bakı artıq mühüm diplomatik platformalardan biri kimi çıxış edir.”
Deputat qeyd edib ki, Azərbaycan daha əvvəl də iri miqyaslı idman və beynəlxalq tədbirlərə ev sahibliyi edib, COP29-un isə ölkənin qlobal nüfuzunun daha da artmasına töhfə verdiyini vurğulayıb.
Nigar Arpadarai bildirib ki, WUF13-ün əsas istiqamətlərindən biri olan şəhərsalma mövzusu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Qarabağda həyata keçirilən yenidənqurma, infrastruktur və müasir şəhərsalma layihələri forum çərçivəsində həm təcrübə mübadiləsi, həm də Azərbaycanın potensialının təqdimatı baxımından vacibdir.
Deputat əlavə edib ki, regionda mürəkkəb geosiyasi şəraitin hökm sürdüyü bir dövrdə Azərbaycanın sabit və təhlükəsiz əməkdaşlıq platforması kimi önə çıxması mühüm mesajdır.
N.Arpadarai vurğulayıb ki, WUF13 əməkdaşlıq, tərəfdaşlıq və beynəlxalq dialoqun gücləndirilməsi baxımından əhəmiyyətli tədbirdir və Azərbaycanın forumu yüksək səviyyədə təşkil edəcəyinə əminliyini ifadə edib.
Firuzə Əliyeva
Sfera.az