Elektrikli avtomobillərə tələbatın artması dünya avtomobil sənayesində qüvvələr nisbətini dəyişir. Dünyanın bazar dəyərinə görə ən bahalı 50 avtomobil istehsalçısı arasında 16 Çin şirkəti yer alıb. Türkiyənin “Ford Otosan” və “Tofaş” şirkətləri də siyahıya düşüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “CompaniesMarketCap” saytının məlumatlarında əks olunub.
Məlumata görə, enerji qiymətlərinin artması, ekoloji problemlər və alternativ enerji mənbələrinə keçid avtomobil bazarında elektrik və hibrid modellərə marağı artırıb. Xüsusilə Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında neft daşımalarına yaranan maneələr enerji xərclərinin yüksəlməsinə təsir göstərib. Elektronika məhsulları
London mərkəzli “Benchmark Mineral Intelligence” şirkətinin məlumatına əsasən, oktyabr ayında dünyada 2,09 milyon elektrikli avtomobil satılıb. Bu, sentyabr ayı ilə müqayisədə 3 faiz az olsa da, ötən ilin eyni dövrünə nisbətən 8 faiz çoxdur.
Noyabrın 27-nə olan göstəricilərə əsasən, dünyanın ən bahalı avtomobil şirkətlərinin ilk onluğu belədir:
Tesla (ABŞ) – 1,57 trilyon dollar
Toyota (Yaponiya) – 251,9 milyard dollar
BYD (Çin) – 104,5 milyard dollar
Xiaomi (Çin) – 87,6 milyard dollar
Ferrari (İtaliya) – 72,1 milyard dollar
General Motors (ABŞ) – 71,9 milyard dollar
Hyundai (Cənubi Koreya) – 52,9 milyard dollar
Ford (ABŞ) – 49,2 milyard dollar
Maruti Suzuki (Hindistan) – 46,5 milyard dollar
Porsche (Almaniya) – 46,2 milyard dollar
Siyahıda dördüncü yerdə qərarlaşan “Xiaomi”nin gəlirlərinin böyük hissəsi avtomobil istehsalından deyil, digər texnoloji məhsulların satışından formalaşır. Şirkət 2021-ci ildə elektrikli avtomobil istehsalına başlayacağını elan edib, 2024-cü ildə isə ilk modeli olan SU7-ni bazara çıxarıb.
Siyahıda Türkiyəni iki avtomobil istehsalçısı təmsil edir. “Ford Otosan” 4,7 milyard dollarlıq bazar dəyəri ilə 40-cı, “Tofaş” isə 2,5 milyard dollarla 47-ci yerdə qərarlaşıb.
Ölkələr üzrə bölgüyə gəlincə, ilk 50 şirkətin 16-sı Çin, 8-i Yaponiya, 6-sı ABŞ, 5-i Hindistan, 4-ü Almaniya şirkətləridir. Cənubi Koreya, Türkiyə və Tayvan hər biri iki şirkətlə təmsil olunur. İsveç, Fransa, İtaliya, Niderland və Vyetnamın isə siyahıda bir şirkəti var.
Beləliklə, elektrikli avtomobil bazarındakı rəqabətdə Çin istehsalçılarının mövqeyi getdikcə güclənir.
Telegram kanalımız