Bakıda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində forum iştirakçıları arasında tanınmış ictimai xadim Hacı Nuran da yer alıb.
O, Sfera.az-a özəl müsahibəsində tədbirlə bağlı təəssüratlarını bölüşüb.
Hacı Nuran Bakıda ilk dəfə keçirilən forumun ölkə üçün mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, tədbirə on minlərlə insanın qatılması Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını bir daha nümayiş etdirir.
Hacı Nuran qeyd edib ki, forum çərçivəsində ölkəyə gələn xarici qonaqlar təkcə iştirakçı yox, həm də Azərbaycanı yaxından tanıyan turistlərə çevrilirlər:
“Buraya gələn hər bir qonaq Azərbaycanla bağlı fərqli təəssüratlarla geri qayıdacaq. İnsanlar ölkəmizi öz gözləri ilə görür, burada həyatın necə olduğunu yaxından müşahidə edir”.
O vurğulayıb ki, forum ərazisində böyük aktivlik müşahidə olunur, stendlər ətrafında yerli və xarici qonaqlar, tələbələr və iştirakçılar böyük maraq göstərirlər.
Hacı Nuran bu cür beynəlxalq tədbirlərin Azərbaycanın nüfuzuna müsbət təsir etdiyini deyərək, ölkənin son illərdə Avroviziya, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29 və digər mühüm tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladıb.
“Bu cür tədbirlər Azərbaycanın uğurudur. İnanıram ki, bundan sonra da ölkəmiz daha böyük beynəlxalq layihələrə və forumlara imza atacaq”, - o əlavə edib.
Sonda Hacı Nuran forumun uğurlu keçməsini arzulayaraq, Azərbaycanı və xalqı bu mühüm tədbirlə bağlı təbrik edib.
Firuzə Əliyeva
Sfera.az