Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində “Mənzil və dayanıqlı şəhərlər üçün ictimai kommunikasiya” mövzusunda panel müzakirəsi təşkil olunub.
Sfera.az xəbər verir ki, paneldə çıxış edən ADA Universitetinin Kommunikasiya və Media Araşdırmaları üzrə müəllimi Şəfəq Mehrəliyeva bildirib ki, şəhərlərin davamlı inkişafında insan faktoru, ictimai iştirak və qarşılıqlı etimad əsas rol oynayır.
Onun sözlərinə görə, şəhərlərin formalaşması təkcə infrastruktur və idarəetmə sənədləri ilə məhdudlaşmır:
“Şəhərlər hər şeydən əvvəl insanlardan və icmalardan ibarətdir. İcmalar isə etimad, mədəni müxtəliflik, tolerantlıq və yenilikçilik üzərində qurulur. İnsanlar özlərini sadəcə sakin kimi deyil, yaşadıqları mühitin inkişafında fəal tərəfdaş kimi hiss etdikdə şəhərlər real mənada inkişaf edir”.
Şəfəq Mehrəliyeva vurğulayıb ki, urbanizasiya sürətləndikcə şəhərlərin qarşısında yeni problemlər yaranır. Daha yaxşı həyat şəraiti, iş, təhsil və sosial imkanlar üçün şəhərlərə axın artsa da, bu proses bərabərsizlik, mənzil çatışmazlığı, ekoloji risklər və yüksələn sosial tələblər kimi çağırışları da daha qabarıq şəkildə üzə çıxarır.
O qeyd edib ki, ictimai etimad olmadan bu məsələlərin səmərəli həlli çətin görünür:
“Dövlətlər və institutlar nə qədər güclü olsa da, ictimai iştirak və effektiv kommunikasiya olmadan dayanıqlı inkişafı təmin etmək asan deyil. İnsanlar yalnız o halda proseslərə töhfə verir ki, onların fikirlərinin dinlənildiyini və səsinin əhəmiyyət daşıdığını hiss etsinlər”.
Panel zamanı həmçinin bildirilib ki, “ev” anlayışı yalnız fiziki yaşayış məkanı deyil:
“Ev təhlükəsizlik, rahatlıq və aidiyyət hissini ifadə edir. İnsanların yaşadığı mühit dəyişirsə, onlar da bu prosesin bir hissəsi olmalıdır. Bu etimadın formalaşmasında isə kommunikasiya əsas rol oynayır”.
Firuzə Əliyeva
Sfera.az