“Bloomberg” agentliyi adı çəkilməyən yüksək rütbəli alyansın rəsmisinə istinadən xəbər verir ki, əgər naviqasiya azadlığı iyul ayına qədər bərpa olunmazsa, NATO Hörmüz boğazından keçən ticarət gəmilərinə kömək etməyi nəzərdən keçirir.
Maraqlıdır, bütün NATO ölkələri birgə Hörmüzə müdaxilə edə bilərmi? Bütün üzvlər buna razı olarmı?
Politoloq Əziz Əlibəyli Sfera.az-a açıqlamasında bildirib ki, bu, Qərb tərəfindən açıq şəkildə həyata keçirilən siyasi və iqtisadi şantaj siyasətidir.
Onun sözlərinə görə, bütövlükdə İranın uzunmüddətli və yorucu diplomatiyası isə artıq öz bəhrəsini verməyə başlayıb:
“Rəsmi Tehran müxtəlif beynəlxalq platformalarda apardığı danışıqlarla müəyyən mənada vaxt qazanmağı, eyni zamanda öz mövqeyini qorumağı bacarıb. O cümlədən, ABŞ Prezidenti Donald Trampın Çinlə keçirdiyi görüş zamanı da İran məsələsi ilə bağlı Vaşinqtonun gözlədiyi nəticələri əldə etmək mümkün olmadı. Bu isə göstərir ki, beynəlxalq güclər arasında İran mövzusunda tam ortaq mövqe formalaşmayıb və Tehran bundan maksimum şəkildə yararlanmağa çalışır”.
Politoloq qeyd edib ki, məhz buna görə də hazırkı mərhələdə proses müxtəlif siyasi bəyanatlar, təzyiq mesajları və söz oyunları üzərindən davam etdirilir:
"ABŞ tərəfi bir tərəfdən təzyiq rıçaqlarını artırmağa çalışsa da, digər tərəfdən Çin kimi böyük güclərin mövqeyi Vaşinqtonun planlarını tam şəkildə həyata keçirməsinə mane olur. Çünki hansı ölkə Çinlə strateji və iqtisadi razılaşmalara gedirsə, həmin dövlətlər alternativ sistemlər qurmağa və ABŞ-nin təzyiqlərinə qarşı daha sərt mövqe sərgiləməyə başlayırlar. Bu isə qlobal güc balansında yeni qarşıdurma elementlərinin meydana çıxmasına səbəb olur".
Niyaz Hacıyev
Sfera.az