Əhalidə özəl məktəblərə tələb ilbəil artır. Amma məktəblərin sayında artım baş vermir. Buna görə də məktəblərdə həm şagird sayı, həm də təhsil haqqı yüksəlir. Statistikaya əsasən, özəl məktəblərin sayı 2020-ci ildə 34 ədəd olduğu halda 2025-ci ilin əvvəlində say 33-ə geriləyib. Amma şagirdlərin sayı 16 mindən 24 minə yüksəlib. Ölkə üzrə fəaliyyət göstərən ümumi məktəblərin (təbribən 4300-dən çox) cəmi 0,8%-i özəl məktəblərin payına düşür. Şagird kontingentinin isə təxminən 1,4%-i özəl sektorda təhsil alır.
Məktəb sayının, demək olar ki, eyni qalmasına baxmayaraq, şagird sayının təxminən 8 min nəfər artması mövcud özəl məktəblərin genişləndiyini və onlara olan marağın yüksəldiyini göstərir.
Özəl məktəblərə tələb artdığı halda bu cür məktəblərin sayı niyə artmır?
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, Azərbaycanda sıfırdan özəl məktəb açmaq təkcə pul sərmayəsi deyil, həm də çox ağır iqtisadi və hüquqi riskdir:
“Dövlətin təhlükəsizlik, lisenziya, bina standartları, həmçinin kurikulumla bağlı tələbləri hər il daha da sərtləşir. Eyni zamanda, paytaxtda və böyük şəhərlərdə müasir məktəb standartlarına cavab verən, geniş həyəti və infrastrukturu olan torpaq sahəsi və ya bina tapmaq, onu təchiz etmək artıq çox böyük xərclər tələb edir. İnvestorlar üçün təhsil artıq tez mənfəət gətirən sahə deyil, riskinin həddindən artıq yüksək olduğu və qoyulan pulun geri dönüşünün çox gec baş verdiyi bir sferaya çevrilib.
Elə buna görə də yeni oyunçular bazara girməyə risk etmirlər. Mövcud nəhənglər də rəqabətsizlik mühitində təbii ki, qiymətləri artırmaq imkanı qazanırlar. Bunun üzərinə bir məsələni də qeyd etmək istəyərdim ki, kadr qıtlığı problemi var. Məktəb binasını tikmək olar, amma onun içini kimlə dolduracaqsan? Ölkədə beynəlxalq proqramlarla, məsələn İB və ya Kembric sistemləri ilə dərs deyə biləcək, həm xarici dili, həm də müasir metodikanı mükəmməl bilən müəllim kontingenti onsuz da olduqca məhduddur.
Özəl məktəblər hazırda yeni kadr yetişdirməkdən daha çox bir-biri ilə elit müəllimləri yüksək maaşlarla transfer etməklə məşğuldurlar. Yeni məktəblərin açılmaması da birbaşa bu kadr qıtlığı ilə bağlıdır. Mövcud məktəblər həmin elit müəllimləri əldə saxlamaq üçün maaşları davamlı şəkildə artırırlar. Təbii ki, bu artım da birbaşa valideynin çiyninə, yəni illik təhsil haqqının üzərinə əlavə olunur”.
Ekspertin sözlərinə görə, şagirdlərin cəmi 1,4 faizinin özəl sektorda olması bizə acı bir reallığı da xatırladır ki, Azərbaycanda orta təhsil böyük ölçüdə dövlətin çiyinlərindədir:
“Müqayisə üçün qeyd edə bilərəm ki, inkişaf etmiş ölkələrdə bu rəqəm 10-15 faiz civarında dəyişir. Bizdəki bu kiçik faiz həm də cəmiyyətin ümumi sosial-iqtisadi durumunun güzgüsüdür. Özəl təhsil ölkəmizdə hələ də kütləvi xidmət deyil, daha çox elit bir imtiyazdır. Lakin dövlət məktəblərində həddindən artıq sıxlıq var. Bəzi mərkəzi məktəblərdə bir sinifdə 45-50 şagirdin əyləşməsi valideynləri məcbur edir ki, ailə büdcəsinin son qəpiyinə qədər xərcləyib övladını özəl məktəbə qoysun. Bu da istənilən halda prosesə təsir edir. Nəticədə isə iqtisadiyyatın ən fundamental və dəyişməz qanunu işə düşür: təklif sabit qalır, yəni məktəb sayı artmır, tələb isə kəskin şəkildə yüksəlir. Bu statistika bir daha göstərir ki, təhsil haqlarının niyə bu qədər fantastik həddə çatmasının riyazi və obyektiv səbəbləri var. Əgər dövlət, məncə, özəl təhsil sektoruna müəyyən vergi güzəştləri etsə, ərazi ayrılması məsələsində dəstək versə və ya adambaşına maliyyələşmə kimi stimullaşdırıcı addımlar atsa, bu sahə kifayət qədər inkişaf edə bilər. Amma bunlar edilməsə, özəl məktəblər bir neçə ildən sonra orta təbəqə üçün tamamilə əlçatmaz olacaq və bu da elit təbəqələşməni daha da dərinləşdirəcək”.
Bəsti Rəfizadə
Sfera.az