2026-cı ildən etibarən Azərbaycanda avtomobil idxalı siyasətində əsas güzəştlərin elektrik avtomobillərinə yönəldilməsi bu sahəyə marağın daha da artacağı gözləntisini formalaşdırmışdı. Lakin rəsmi statistikalar və bazar müşahidələri göstərir ki, son aylarda elektrik avtomobillərinin idxal tempində əvvəlki dövrlərlə müqayisədə müəyyən azalma dinamikası müşahidə olunur.
Bunun səbəbi nədir?
Xatırladaq ki, 2026-cı ildən Azərbaycana idxal edilən avtomobillər arasında güzəşt yalnız elektrik avtomobillərinə verilib.
Sfera.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, yanvar ayından etibarən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəşt müddəti başa çatıb:
“Həmin güzəştlərə əsasən elektrik avtomobilləri həm ƏDV-dən, həm də gömrük rüsumundan azad edilmişdi. Hibrid avtomobillər isə yalnız ƏDV güzəştindən yararlanırdı. İlk mərhələdə bu təşviqlər bazarda ciddi canlanma yaratmışdı. Statistikaya görə, 2022-ci ildə Azərbaycanda təxminən 486 elektrik avtomobili satılmışdısa, 2023-cü ildə bu göstərici təxminən 9 dəfə artmışdı. Lakin sonrakı dövrdə elektrik avtomobillərinin satış tempi zəifləməyə başladı, əvəzində isə hibrid avtomobillərə maraq artdı. Bunun əsas səbəblərindən biri odur ki, ilkin mərhələdə elektrik avtomobillərini əsasən daha imkanlı şəxslər ikinci və ya üçüncü avtomobil kimi alırdılar. Sonrakı mərhələdə isə infrastruktur çatışmazlığı, xüsusilə Bakıdan kənar bölgələrdə şarj məntəqələrinin azlığı müəyyən çətinliklər yaradırdı. Daha sonra həm Bakıda, həm paytaxtətrafı ərazilərdə, həm də bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə şarj stansiyalarının qurulması prosesi sürətləndi. Buna baxmayaraq, istehlakçılar daha çox hibrid avtomobillərə üstünlük verməyə başladılar. Çünki hibrid modellər həm yanacaq sərfiyyatı baxımından qənaətcil hesab olunur, həm də tam elektrik avtomobilləri ilə müqayisədə insanlarda daha az narahatlıq yaradırdı”.
E.Əliyev əlavə edib ki, əslində, elektrik avtomobillərinə keçid prosesinin birdən-birə baş verməsi də müəyyən çətinliklər yaratdı:
“Avropa və ABŞ kimi bazarlarda bu keçid mərhələli şəkildə həyata keçirilmişdi. Əvvəlcə hibridlər, daha sonra “plug”in hibridlər, ardınca isə tam elektrik modellər geniş yayılmışdı. Azərbaycanda isə bütün bu mərhələlər demək olar ki, eyni dövrdə bazara daxil oldu. Bu da həm bazarın, həm də istehlakçıların adaptasiya prosesini çətinləşdirdi. Digər mühüm məsələ servis xidmətləri və ehtiyat hissələri ilə bağlı idi. Adətən yeni avtomobil modeli bazara daxil olmamışdan əvvəl servis infrastrukturu və ehtiyat hissələri anbarları aylarla hazırlanır. Azərbaycanda isə proses çox sürətli getdiyi üçün bəzi problemlər yarandı. Xüsusilə son illərdə rəsmi dilerlərdən çox, fərdi şəxslər tərəfindən həyata keçirilən paralel idxalın artması bu çətinlikləri daha da gücləndirdi. İnsanlar avtomobilləri əldə etsələr də, sonradan servis və ehtiyat hissələri tapmaqda problemlərlə qarşılaşdılar. Bu da müəyyən mənada elektrik avtomobillərinə olan etimadı azaltdı. Bununla belə, son illərdə həm elektrik, həm hibrid, həm də “plug”in hibrid avtomobillər ölkədə kifayət qədər tanınıb və istifadəçi bazası formalaşıb. Dövlətin tətbiq etdiyi güzəştlər nəticəsində çox sayda insan yeni və ekoloji təmiz avtomobillər əldə edə bildi. Xüsusilə taksi parkının böyük hissəsi məhz hibrid və elektrik avtomobilləri hesabına yenilənib. Hazırda isə vəziyyət əvvəlki illərlə müqayisədə daha fərqlidir. İnsanlar artıq bu texnologiyalara daha yaxından bələddirlər, infrastruktur genişlənib və bölgələrdə belə şarj məntəqələri fəaliyyət göstərir. Məsələn, artıq elektrik avtomobili ilə Şuşa və Laçın istiqamətində rahat şəkildə hərəkət etmək, yolboyu şarj məntəqələrindən istifadə etmək mümkündür.
Gözləntilərə görə, qarşıdakı illərdə infrastrukturun daha da inkişaf etməsi və servis imkanlarının genişlənməsi ekoloji təmiz nəqliyyat vasitələrinə marağı yenidən artıracaq”.
Fidan Hacızadə
Sfera.az