Bakıda keçirilən WUF13 Ümumdünya Şəhərsalma Forumunun beşinci günü forum iştirakçıları arasında müzakirələrin intensivliyi və tədbirin miqyası diqqət mərkəzində olub.


 


Sfera.az xəbər verir ki, bunu Hindistanın Nyu-Delhi şəhərində fəaliyyət göstərən Siyasət Araşdırmaları Mərkəzinin (Center for Policy Research) nümayəndəsi, urban inkişaf məsələləri üzrə tədqiqatçı Puşpa Patel saytımıza verdiyi özəl müsahibədə deyib.


 


O bildirib ki, WUF13 əvvəlki forumlar kimi yüksək səviyyədə təşkil olunub və proqramların çoxluğu tədbiri daha da maraqlı edir.


 


“Forum çox möhtəşəmdir. Burada eyni vaxtda çoxlu maraqlı proqramlar keçirilir. Bəzən hansı sessiyaya qatılacağını seçmək çətin olur. Amma biz ən faydalı və maraqlı olanları seçməyə çalışırıq”, – P.Patel qeyd edib.


 


Azərbaycanla bağlı təəssüratlarını bölüşən hindistanlı tədqiqatçı forumun sıx qrafikinə görə ölkəni geniş şəkildə görmək imkanı olmadığını bildirib. Bununla belə, o, Bakının şəhər mühitindən məmnun qaldığını vurğulayıb.


 


“Bakı çox gözəl şəhərdir. Biz şəhər mərkəzini, İçərişəhəri və Ağ Şəhəri ziyarət etdik. Hələlik gördüklərim bunlardır”,–  o bildirib.


 


Puşpa Patel WUF13-ü əvvəlki forumlarla müqayisə edərkən tədbirin miqyasının daha böyük olduğunu deyib. Onun sözlərinə görə, forumun təşkilatçılığı yüksək səviyyədədir, qonaqpərvərlik isə xüsusi diqqət çəkir.


 


“Hər şey çox yaxşı təşkil olunub. Qonaqpərvərlik əladır. Yeməklər də çox yaxşıdır. Mən vegetarian olduğum üçün bəzən seçim etmək çətin olur, amma ümumilikdə hər şey çox xoşdur. Azərbaycan insanları olduqca qonaqpərvərdir”,– o əlavə edib.


 


Firuzə Əliyeva


Sfera.az