"Dünya bu gün həm iqlim, həm su, həm də urbanizasiya baxımından ciddi çağırışlarla üz-üzədir və bu məsələlərin bir-birindən ayrı düşünülməsi mümkün deyil".
Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 - Ümumdünya Şəhərsalma Forumunun beşinci günü Qlobal Su İqtisadiyyatı Komissiyasının icraçı direktoru, Niderlandın sabiq Su Səfiri Henk Ovink saytımıza verdiyi özəl müsahibədə deyib.
O bildirib ki, Bakıya Madriddə keçirilən Su Sammitindən birbaşa gəlib və forum çərçivəsində BMT-Habitat nümayəndələri ilə birlikdə yüksək səviyyəli müzakirələrdə iştirak edir.
Onun sözlərinə görə, 2026-cı il təkcə Bakıda keçirilən WUF13 ilə deyil, eyni zamanda iqlim dəyişikliyi, biomüxtəliflik, səhralaşma və su məsələlərinə həsr olunan mühüm beynəlxalq tədbirlərlə də yadda qalır. Henk Ovink vurğulayıb ki, şəhərlər quraqlıq, çirklənmə və daşqın kimi problemlərlə üzləşir. Bununla yanaşı, su sağlamlıq, sanitariya, mənzil və ətraf mühit baxımından həyati əhəmiyyət daşıyır.
O qeyd edib ki, su gündəliyi şəhərsalma ilə bağlı qlobal müzakirələrin mərkəzinə çıxarılmalı, urbanizasiya məsələləri isə beynəlxalq su diplomatiyasında daha çox diqqət görməlidir. Bu kontekstdə ilin sonlarında Əbu-Dabidə keçiriləcək BMT Su Konfransının xüsusi əhəmiyyət daşıdığını bildirib. Azərbaycanla bağlı təəssüratlarını da bölüşən Ovink COP29-dan sonra ölkəyə ikinci dəfə gəldiyini deyib və Bakının qonaqpərvərliyini yüksək qiymətləndirib.
“Bakı üzünü suya çevirən və bu potensialı dəyərləndirən şəhərdir. Su ilə şəhər arasında çox dərin bağ var”,– o bildirib.
Bakının memarlığı ilə bağlı fikirlərini bölüşən qonaq şəhərdə dizayn və ictimai məkanlara verilən önəmin aydın hiss olunduğunu qeyd edib. Onun sözlərinə görə, burada memarlıq sosial, ekoloji və iqtisadi çağırışları vahid urban baxış altında birləşdirə bilir. WUF13-ü əvvəlki forumlarla müqayisə edən Henk Ovink bildirib ki, Bakı forumu olduqca həssas və mühüm qlobal dövrə təsadüf edir.
O qeyd edib ki, dünya hazırda mənzil böhranı ilə üzləşib və forumun əsas diqqət mərkəzlərindən biri də bu sahədir. Sonda o, geosiyasi çətinliklərə baxmayaraq beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb:
“Biz burada insanları və bəşəriyyətin getdikcə azalan resurslarla dayanıqlı şəkildə necə yaşaya biləcəyini ön plana çıxaran ümumi gündəm ətrafında bir araya gəlmişik”.
Firuzə Əliyeva
Sfera.az