Gender əsaslı bərabərlik siyasətinin şəhər inkişaf strategiyasına inteqrasiyası qanunvericilik, fəaliyyət planları və ictimai dəstək vasitəsilə həyata keçirilir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində saytımıza xüsusi açıqlamasında deyib. O bildirib ki, rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biri məhz gender bərabərliyinin təmin olunmasına çalışmaqdır.
Bahar Muradova qeyd edib ki, Azərbaycan gender bərabərliyi sahəsində bir çox ölkələrdən fərqli olaraq bu istiqamətdə qanunvericilik bazasını erkən formalaşdırıb:
“Azərbaycan gender bərabərliyi haqqında qanunu hələ 2006-cı ildə qəbul edib. Bu, ölkəmizdə gender siyasətinin uzunmüddətli və sistemli şəkildə həyata keçirildiyini göstərir”.
Komitə sədri vurğulayıb ki, yaxın günlərdə Milli Məclisdə gender bərabərliyi haqqında qanunun icra vəziyyətinə dair növbəti hesabat təqdim olunacaq. Həmin hesabatda ölkədə müxtəlif fəaliyyət sahələrində gender bərabərliyinin mövcud vəziyyəti və qarşıda duran çağırışlar əksini tapacaq. O, həmçinin bildirib ki, Prezident tərəfindən imzalanmış gender bərabərliyinin təmin olunmasına dair fəaliyyət planında mövcud problemlər, çətinliklər və onların aradan qaldırılması ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib.
Bahar Muradovanın sözlərinə görə, bu sahədə həm problemlər, həm də imkanlar mövcuddur və onların həlli üçün cəmiyyətin bütün təbəqələrinin dəstəyi vacibdir. O, xüsusilə gənclərin və medianın rolunu önə çəkərək qeyd edib ki, cəmiyyət gender bərabərsizliyinin yaratdığı fəsadlara qarşı daha həssas yanaşır, bu mövzuda suallar verir, maarifləndirmə aparır və ictimai qınağın formalaşmasına töhfə verir.
“İnsanlar artıq bu bərabərsizliyin yaratdığı fəsadları cəmiyyətdə görmək istəmir. Bu, irəliyə doğru atılmış mühüm addımdır. Əsas məsələ isə bu prosesi necə daha effektiv həyata keçirməkdir”,– Bahar Muradova əlavə edib. Komitə sədri hesab edir ki, gender əsaslı bərabərlik siyasətinin şəhər inkişaf strategiyalarına inteqrasiyası yalnız dövlət siyasəti ilə deyil, həm də ictimai iştirakçılıq, maarifləndirmə və media dəstəyi ilə daha effektiv şəkildə reallaşa bilər.
Firuzə Əliyeva
Sfera.az