Hər dəfə telefonumuzla şəkil çəkdiyimiz zaman, əslində Albert Eynşteynin 1905-ci ildə kəşf etdiyi fotoelektrik effektin işini görürük. Hələ doktorantura tələbəsi ikən Eynşteyn işığın tək-tək hissəciklər, fotonlar şəklində olduğunu və bu fotonların elektronları hərəkət etdirə biləcəyini sübut edib. Fotonlar kifayət qədər enerji daşıyanda elektronları maddədən ayırır və elektrik cərəyanı yaradır. Bu nəzəriyyə Eynşteynə 1921-ci ildə Nobel mükafatı qazandırıb.
Sfera.az xəbər verir ki, fotoelektrik effekt yalnız elm tarixi deyil, eyni zamanda gündəlik həyatımızı dəyişdirən texnologiyaların əsasını təşkil edir.
Oğurluq siqnalizasiyaları, avtomobil sensorları, günəş panelləri və tibbi cihazlar bu prinsip üzərində işləyir. Rəqəmsal kameralar işığı elektron siqnala çevirən sensorlar vasitəsilə şəkillər çəkir. Məsələn, "Raspberry Pi" kimi kiçik kompüterlərin fotoçipləri tək bir fotona həssasdır və bu yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verir.
Hətta Ayda müşahidə olunan qəribə parıltının səbəbi də fotoelektrik effektdir. Günəş işığı Ay səthindəki toz hissəciklərinə dəyəndə onları müsbət yükləyir, toz hissəcikləri bir-birindən uzaqlaşaraq işığı əks etdirir və sanki Ayda sehrli bir parıltı yaradır.
Beləliklə, hər dəfə telefonunuzla şəkil çəkərkən və ya avtomobilinizin sensorları işə düşərkən Eynşteynin kəşfi sayəsində dünyanı daha “görünən” edirsiniz. Fotoelektrik effekt sadəcə elm tarixi deyil o, həyatımızın hər anında işə yarayan texnologiyanın təməlidir.
Mənsumə
Sfera.az