ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran atəşkəs şərtləri ilə bağlı razılığa gələ bilməsələr, ABŞ İrana əvvəlkindən daha əhəmiyyətli zərbələr endirəcək.


 


Maraqlıdır, ABŞ və İran arasında yaxın vaxtlarda atəşkəs və ya yeni razılaşmanın əldə olunması real görünürmü?


 


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin maksimalist yanaşmadan geri çəkilməməsi, İranın isə nəinki bunu qəbul etməsi, ümumiyyətlə öz şərtlərini irəli sürməsi çıxılmaz vəziyyət yaradıb.


 



 


Onun sözlərinə görə, İranın şərtlərinin qəbulu Trampın sonunu gətirə bilər:


 


“Vaşinqton maksimum təzyiq göstərərək, İranın diplomatik masada güzəştə getməsinə nail olmağa çalışır. İran isə bunu məğlubiyyət hesab edir və növbəti mərhələlərdə üzləşəcəyi sosial problemləri neytrallaşdırmaq və daxili etiraz ehtimallarını minimuma endirmək üçün bütün sanksiyaların ləğvini əsas şərtlərdən biri kimi irəli sürür. Eyni zamanda zənginləşdirilmiş uranın ölkədən çıxarılmaması, proksilərin razılaşma prosesinə daxil edilməsi, Hörmüzlə bağlı yeni qaydaların tətbiq olunması, dondurulmuş aktivlər kimi məsələlərin İran üçün prinsipial əhəmiyyət kəsb etdiyini bildirir və əlavə edir ki, bu suveren hüquqlardır, geri çəkilmək niyyətində deyil. Belə bir vəziyyətdə, yəni İranın şərtləri çərçivəsində razılaşmaya getmək isə Tramp hökumətinin sonu deməkdir”.


 


Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Tramp hökumətinin sonunu gətirməyə çalışan İran, Çin və Avropa İttifaqı ilə yanaşı ABŞ daxilində də güclü rıçaqlar var:


 


“İran məhz bunu hesablayaraq prinsipiallıq nümayiş etdirir. Eyni zamanda artıq İran məsələsi çoxtərəfli xarakter alıb. Ona görə də düşünürəm ki, Tehran son qərarı təkbaşına verməyəcək. Proses mütləq Çin və Rusiya ilə koordinasiya olunacaq. Bu isə onu deməyə əsas verir ki, Vaşinqtonun sərt tələbləri və təhdid ritorikası faydasızdır. Bu proses ABŞ-ni ciddi riskə-növbəti hərbi əməliyyatlara sövq edir. Bu isə daha böyük və həlledici səhv ola bilər. Çoxsaylı ABŞ əsgərinin öldürülməsi kifayət edəcək ki, ABŞ hökuməti çıxılmaz durumla üzləşsin. Bu amil ABŞ hökuməti daxilində növbəti hərbi əməliyyatlara başlanılması ilə bağlı ciddi fikir ayrılıqları və tərəddüdlər yaradır.


 


Mövcud vəziyyətin davam etdirilməsi, yəni dondurulmuş münaqişə İranla yanaşı ABŞ hökuməti üçün də arzuolunan deyil. Belə olacağı halda İranın blokadası ilə bağlı vəziyyət qeyri-müəyyənlik yaradır. Çünki ABŞ blokadanı uzun müddət davam etdirə bilməz. Blokadanın ləğvi isə İran üçün qələbə deməkdir. Digər həlledici faktor isə müharibənin yenidən başlanmasına çalışan İsraildir. Təcrübə göstərir ki, İsrail ABŞ-ni növbəti dəfə Vaşinqtonun maraqlarına zidd addımlara sövq edə bilər”.


 


Niyaz Hacıyev


Sfera.az