Beşqat “Qızıl top” mükafatçısı Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə ölkə çempionu olaraq peşəkar karyerasının 35-ci titulunu qazanıb.
Sfera.az xəbər verir ki, portuqaliyalı hücumçu ilk kubokunu 2002-ci ildə “Sportinq” komandasında debüt mövsümündə əldə etdiyi Portuqaliya Superkuboku ilə qazanıb. Daha sonra o, “Mançestr Yunayted” ilə 9, “Real Madrid” ilə 15, “Yuventus” ilə isə 5 titul əldə edib.
Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə transfer olunub. O, bundan əvvəl klubla yalnız 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazanmışdı. Təcrübəli futbolçu həm klub, həm də milli komanda səviyyəsində futbol tarixinin ən məhsuldar oyunçularından biri hesab olunur. Ronaldo UEFA Çempionlar Liqasının beşqat qalibidir. O, həmçinin Portuqaliya milli komandası ilə 2016-cı il Avropa çempionatının, eləcə də 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasının qalibi olub.
Qeyd edək ki, 41 yaşlı futbolçu 2026 FİFA Dünya Kuboku üçün Portuqaliya millisinin yekun heyətinə daxil edilib. Bu, Ronaldonun karyerasında altıncı dünya çempionatı olacaq.
Niyaz Hacıyev
Sfera.az