Son dövrlərdə tələbələr arasında ölüm halları ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq və müzakirələrə səbəb olur.


 


Xüsusilə gənclərin psixoloji vəziyyəti, təhsil mühitindəki stress faktorları və sosial təzyiqlər bu məsələnin daha da aktuallaşmasına gətirib çıxarır.


 


Maraqlıdır, bu kimi halların arxasında hansı psixoloji faktorlar dayanır və gənclərin psixoloji sağlamlığını qorumaq üçün nə kimi tədbirlər görülməlidir?


 


Mövzu ilə bağlı neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, son illərdə tələbələr arasında baş verən ölüm və intihar halları cəmiyyətdə ciddi narahatlıq yaradan sosial və psixoloji problemlərdən birinə çevrilib:


 



 


“Xüsusilə məktəb və universitet yaşında olan gənclərin emosional gərginlik, depressiya və ümidsizlik hissi ilə mübarizə aparması bütün dünyada mütəxəssislərin diqqət mərkəzindədir. Qeyd etdiyim bu kimi halların arxasında yalnız fərdi problemlər deyil, həm də sosial təzyiq, akademik stress və emosional dəstək çatışmazlığı dayanır. Müasir dövrdə gənclər üzərində uğur qazanmaq təzyiqi əvvəlki illərlə müqayisədə daha da artıb. Yüksək nəticə əldə etmək, yaxşı universitetə qəbul olmaq, gələcəkdə uğurlu karyera qurmaq kimi gözləntilər tələbələrdə davamlı stress yaradır. Bir çox gənc uğursuzluğu həyatın sonu kimi qəbul edir və bu düşüncə zamanla özünəinamın azalmasına, depressiv hallara və emosional tükənməyə səbəb olur. Aparılan araşdırmalar göstərir ki, universitet tələbələri arasında depressiya və anksiyete səviyyəsi son illərdə ciddi şəkildə yüksəlib. Psixoloji problemlərin yaranmasına təsir edən əsas amillərdən biri də tənhalıq hissidir. Ailədən uzaqda təhsil alan və ya sosial münasibətlər qurmaqda çətinlik çəkən tələbələr özlərini daha çox təcrid olunmuş hiss edirlər. Sosial dəstəyin olmaması insanın emosional davamlılığını zəiflədir və mənfi düşüncələrin güclənməsinə səbəb olur. Gənc insan problemlərini paylaşa bilmədikdə və dinlənilmədiyini düşündükdə daxili gərginlik daha da artır”.


 


Neyropsixoloqun fikrincə, sosial medianın təsiri də bu problemdə mühüm rol oynayır:


 


“Gənclər sosial platformalarda başqalarının “mükəmməl həyatını” gördükcə öz həyatlarını kifayət qədər uğurlu hesab etmirlər. Daim müqayisə olunmaq hissi özünəinamı zəiflədir və psixoloji yorğunluğu artırır. Xüsusilə uzun müddət sosial mediada vaxt keçirmək yuxu problemlərinə, diqqət dağınıqlığına və emosional balansın pozulmasına səbəb ola bilir. Ailə və cəmiyyətin gözləntiləri də tələbələrin psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bəzi valideynlər övladlarının hisslərini anlamaq əvəzinə yalnız nəticələrə fokuslanırlar. El arasında bilinən mifik obraz “xalxın uşağı” ailələrdə öz övladlarının cəhdlərini dəyərləndirməyə mane olur. “Daha yaxşı olmalısan”, “hamıdan üstün olmalısan” kimi ifadələr gənclərdə daxili təzyiq yaradır. Bu vəziyyətdə tələbə emosional problemlərini gizlətməyə başlayır və yardım istəməkdən çəkinir”.


 


Müsahibimiz qeyd edib ki, gənclərin psixoloji sağlamlığını qorumaq üçün ilk növbədə maarifləndirmə işi gücləndirilməlidir:


 


“Məktəb və universitetlərdə psixoloji dəstək xidmətləri əlçatan olmalı, tələbələr psixoloqa müraciət etməyi normal qəbul etməlidirlər. Erkən psixoloji yardım bir çox ağır nəticələrin qarşısını ala bilər. Bununla yanaşı, ailə daxilində sağlam ünsiyyət mühiti formalaşdırılmalıdır. Valideynlər övladlarını yalnız uğurlarına görə deyil, şəxsiyyət kimi qəbul etməli və onların hisslərinə həssas yanaşmalıdırlar. Gənclərin dinlənilməsi və emosional dəstək görməsi onların psixoloji təhlükəsizlik hissini gücləndirir. Sosial fəaliyyətlərin artırılması, idman, yaradıcılıq və canlı ünsiyyətin təşviq olunması da gənclərin emosional sağlamlığı üçün vacibdir. Psixoloqlar qeyd edirlər ki, insanın cəmiyyətə aid olduğunu hiss etməsi depressiya riskini azaldan əsas amillərdəndir.


 


Tələbələr arasında artan psixoloji problemlər cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Gənclərin yalnız akademik uğuruna deyil, psixoloji rifahına da diqqət yetirilməlidir. Çünki sağlam düşüncəli və emosional baxımdan güclü gənclər gələcəyin sağlam cəmiyyətinin əsasını təşkil edir. Unutmaq olmaz ki, susan bir gəncin daxilində bəzən görünməyən böyük bir psixoloji savaş gedir. Neyropsixoloq olaraq cəmiyyətə çağırış edirəm – gənclərin yalnız uğurlarını deyil, səssiz qalan ağrılarını da görməyi öyrənək. Çünki vaxtında göstərilən anlayış və dəstək bəzən bir həyatın xilas olunması deməkdir”.


 


Niyaz Hacıyev


Sfera.az