Son günlər Türkiyə daxili siyasi arenasındakı hərəkətlilik və müxalifət cinahındakı yeni hüquqi-siyasi gərginliklər fonunda ölkədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı yenidən medianın əsas müzakirə mövzusuna çevrilib. Hakimiyyət nümayəndələri seçkilərin vaxtında, yəni 2028-ci ildə keçiriləcəyini bəyan etsə də, Türkiyədə baş verən son daxili siyasi hadisələri şərh edən ekspertlər 2027-ci ildə, hətta 2026-cı ilin sonlarında seçkilərin olacağını proqnozlaşdırır. Qeyd edək ki, Türkiyə Konstitusiyasına görə, erkən seçki qərarının parlamentdə qəbul edilməsi üçün millət vəkillərinin 60%-nin (360 deputat) səsi lazımdır və ya Prezident fərmanı ilə bu addım atıla bilər.




Bəs Türkiyədə vaxtından öncə seçkilər ola bilərmi?




Məsələ ilə bağlı Türkiyəli politoloq Abdullah Ağar Sfera.az-a açıqlama verib.


 


O bildirib ki, Türkiyədə əvvəllər seçki məsələsi daha çox iqtisadiyyatın necə getdiyi və müxalifətin seçki istəyib-istəmədiyi üzərindən müzakirə olunurdu:




“Amma indi məsələ tamamilə başqa müstəviyə keçib. Artıq əsas sual müxalifətin aparıcı partiyası olan CHP-nin hansı strukturla və hansı siyasi vəziyyətdə seçkiyə gedəcəyidir. Bu, son dərəcə kritik bir mərhələyə çevrilib. Hazırkı məhkəmə qərarı ilə CHP-də faktiki olaraq legitimlik və idarəetmə böhranı yaranıb. Digər tərəfdən, müxalifətin prezident seçkisi strategiyası yenidən qeyri-müəyyənləşib. Bu vəziyyət hakimiyyətə, yəni AK Partiyə zamanlama baxımından üstünlük qazandırıb. Bütün bunlara bağlı olaraq, erkən seçki ehtimalı paradoksal şəkildə artıb. Lakin eyni zamanda onun təxirə salınması ehtimalı da yaranıb. Bu isə tamamilə qarşıdakı prosesdən asılıdır. Qarşıdakı dövrdə ən vacib məsələ budur ki, normal şəraitdə müxalifətin parçalanması və böhran yaşaması hakimiyyəti erkən seçkiyə getməyə təşviq edə bilər. Çünki rəqib təşkilatlanmamış vəziyyətdə olduqda seçki hakimiyyət üçün daha əlverişli olur. Bu, tamamilə təbii yanaşmadır. Ancaq hakimiyyət eyni zamanda belə də düşünə bilər: CHP daxili böhran yaşayır, tələsməyə ehtiyac yoxdur, qoy zaman keçdikcə özünü daha da məhv etsin, biz də prosesi izləyək və ona uyğun hərəkət edək. Yəni məsələ iki istiqamətli xarakter daşıyır”.


 





A.Ağarın sözlərinə görə, ən vacib məqam Türkiyədə siyasətin artıq təkcə partiyalararası rəqabət üzərində qurulmamasıdır. Onun fikrincə, siyasi proseslər daha çox vicdan, hüquq, məhkəmə sistemi, siyasi legitimlik və iqtisadiyyat kimi mövzular ətrafında formalaşır:




“Üstəlik, ölkənin yaxın ətrafında müharibə reallığı mövcuddur və bunun yaratdığı geosiyasi təsirlər də son dərəcə əhəmiyyətlidir. Bu baxımdan CHP-nin məhkəmə qərarı ilə üzləşdiyi proses sadəcə hüquqi məsələ deyil, həm də bir tarazlaşdırma və siyasi təzyiq mexanizmi kimi görünür. Bu çərçivədə İmamoğlu prosesi də var idi. CHP-də yenidən geniş bir uzlaşma formalaşdırmaq, qurultaya getmək, hətta erkən seçki tələblərini gündəmə gətirmək də eyni müqavimət xəttinin hissələri kimi görünürdü. Bu ümumi mənzərə fonunda seçki ehtimallarını qiymətləndirməliyik. Mənim fikrimcə, 2026-cı ilin sonunda seçki keçirilməsi ehtimalı təxminən 30 faiz səviyyəsindədir. Əvvəllər bu göstərici daha aşağı idi, amma son qərarlardan sonra məncə təxminən 30 faizə çatıb. 2027-ci ildə seçkinin keçirilməsi isə hələ də ən güclü ehtimal olaraq qalır. Bu variantın ehtimalını təxminən 45-50 faiz hesab edirəm. Seçkinin normal vaxtında keçirilməsi ehtimalı isə təxminən 20 faiz ətrafındadır. Burada ən çox azalan ehtimal hansıdır? Məhz seçkinin 2028-ci ildə, nəzərdə tutulan vaxtda keçirilməsi ehtimalı. Yəni 2028 ssenarisi ciddi şəkildə zəifləyib. Əvəzində 2026-cı ildə qəfil və ya erkən seçki ehtimalı artıb və mən bunu təxminən 30 faiz səviyyəsində qiymətləndirirəm. Amma qeyd etdiyim kimi, bu məsələdə çox sayda dəyişkən amil mövcuddur. Birincisi, Prezident Ərdoğan bu vəziyyəti diqqətlə təhlil edəcək və hakimiyyətinin davamlılığı baxımından ən uyğun zamanı müəyyən etməyə çalışacaq. Digər tərəfdən isə iqtisadi təzyiqlər, xarici amillər və müharibə faktoru seçki prosesində görünməyən, lakin son dərəcə əhəmiyyətli təsir göstərə biləcək amillərdir. Bu baxımdan məncə Türkiyə artıq yeni mərhələyə daxil olub. Siyasi sistem yüksək gərginlikli tarazlıq rejiminə keçib, başqa sözlə, faza dəyişikliyi baş verib. İndi qarşıda CHP-də yenidən təşkilatlanma və siyasi mübarizə prosesi görünür. Özgür Özelin bəhs etdiyi ehtiyat partiya yaratmaq kimi təşəbbüslər və müxtəlif hazırlıqlar da bu prosesin tərkib hissəsidir. Digər tərəfdən, Ərdoğanın yenidən namizədliyinin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi məsələsi də gündəmdədir.


İqtisadi təzyiqlərin yaxın dövrdə azalacağı görünmür. İqtisadiyyat bu prosesin ən fundamental amillərindən biridir. Eyni zamanda ictimai vicdan da çox önəmlidir. İnsanların baş verənləri necə dəyərləndirəcəyi seçki nəticələrinə ciddi təsir göstərəcək. Türkiyə cəmiyyətinin böyük hissəsi hadisələrə vicdan, iqtisadi vəziyyət və təhlükəsizlik prizmasından yanaşır. Bundan əlavə, regional müharibə ehtimalı, məhkəmə-siyasət münasibətlərində gərginliyin artması kimi faktorlar da mühüm rol oynayacaq. Belə ssenarilərdə adətən hakimiyyət partiyaları, yəni AK Parti və MHP, vəziyyəti tam nəzarət altına alaraq seçkini gecikdirməyə üstünlük verə bilər. Digər variant isə müxalifət toparlanmadan seçkini önə çəkmək və qəfil seçki qərarı verməkdir. Yəni hər şey zamanlamadan asılıdır və qarşıdakı hadisələrin inkişafına bağlı olacaq. Çünki nəticə etibarilə bütün tərəflər seçkidə qalib gəlmək istəyir”.




Türkiyəli politoloq seçkilərin hansı hallarda gecikəcəyini də vurğulayıb:




“Mənim gördüyüm mənzərə budur: əgər CHP qısa müddətdə toparlanar, Özgür Özel ilə Kılıçdaroğlu xətti arasında qarşıdurma deyil, əməkdaşlıq yaranar və müxalifət yenidən ortaq namizəd formuluna qayıda bilərsə, hakimiyyət seçkini gecikdirməyə üstünlük verə bilər. Lakin CHP daxilində qarşıdurma dərinləşərsə, təşkilati parçalanma baş verərsə və namizədlik böhranı yaranarsa, o zaman hakimiyyət bunu siyasi fürsətə çevirərək seçki təşəbbüsü göstərə bilər. Nəticə etibarilə Türkiyə artıq normal seçki təqvimi ilə irəliləyən bir ölkədən daha çox, böhranların idarə olunduğu siyasi dövrə daxil olub”.




Bəsti Rəfizadə

Sfera.az