ABŞ Konqresi, Vaşinqtonun İrana qarşı başlatdığı müharibədə verdiyi itkilərlə bağlı şok hesabat dərc edib. 




Sfera.az xəbər verir ki, hesabatda "Epic Fury" (Epik Qəzəb) adlı əməliyyatın başladığı gündən etibarən ABŞ-yə məxsus 42 hərbi hava vasitəsinin vurulduğu və milyardlarla dollar zərər dəydiyi etiraf olunub.




Fevralın 28-də Amerikanın İrana hücum etməsi ilə başlayan müharibədən artıq 2,5 ay geridə qalıb. Bu müddət ərzində ABŞ ordusuna məxsus çox sayda təyyarə və texnikanın itirildiyi bilinsə də, onların dəqiq sayı gizli saxlanılırdı. Konqresin hazırladığı son hesabat isə acı reallığı ortaya qoyub.




Məhv edilən texnikalar arasında F-15 qırıcıları, bir ədəd F-35A Lightning II "görünməz" qırıcısı, MQ-9 Reaper pilotsuz uçuş aparatları (PUA) və bir ədəd "HH-60W Jolly Green II" axtarış-xilasetmə helikopteri var. Hesabatda ümumi zərərin 29 milyard dollara çatdığı vurğulanıb.




Konqresin hesabatında itirilən və ya ciddi zədələnən hərbi inventar aşağıdakı kimi sıralanıb:




1 ədəd F-35A Lightning II "görünməz" qırıcı təyyarəsi

4 ədəd F-15E Strike Eagle qırıcı təyyarəsi

1 ədəd A-10 Thunderbolt II yaxın hava dəstək təyyarəsi

7 ədəd KC-135 Stratotanker havada yanacaqdoldurma təyyarəsi

1 ədəd E-3 Sentry AWACS erkən xəbərdarlıq və nəzarət təyyarəsi

2 ədəd MC-130J Commando II nəqliyyat təyyarəsi

1 ədəd HH-60W Jolly Green II axtarış-xilasetmə helikopteri

24 ədəd MQ-9 Reaper PUA-sı

1 ədəd MQ-4C Triton yüksək hündürlükdə kəşfiyyat PUA-sı




Hesabatda qeyd olunub ki, təkcə F-35A təyyarəsinin qiyməti təxminən 110 milyon dollar, 4 ədəd F-15E-nin dəyəri isə 300 milyon dollara yaxındır. İtirilən F-15-lərdən 3-nün martın 2-də Küveyt səmalarında düşdüyü, dördüncüsünün isə aprelin 5-də İrandakı əməliyyatlar zamanı vurulduğu bildirilir. Bundan əlavə, müttəfiq hava məkanında qəzaya uğrayan 7 ədəd KC-135 yanacaqdoldurma təyyarəsinin bərpa xərclərinin 1,8 milyard dolları ötə biləcəyi vurğulanıb.




Hesabatın dərci tərəflər arasında siyasi reaksiyalara da səbəb olub. İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə hesabında mövzu ilə bağlı kəskin bəyanat yayıb:




"Müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla hava vasitəsinin itirildiyini etiraf etmək məcburiyyətində qaldı. Bununla da rəşadətli silahlı qüvvələrimizin, göylərə qaldırılan F-35 qırıcısını yerə endirən dünyada ilk ordu olduğu rəsmən təsdiqləndi".


 


Bəsti Rəfizadə

Sfera.az