Türkiyədə son günlər daxili siyasi proseslərdə dinamiklik müşahidə edilir. CHP haqqında məhkəmənin çıxartdığı qərar, Kamal Kılıçdaroğlunun sədr postuna geri qaytarılması, bələdiyyə sədrlərinin həbsi, ölkədə yüksək inflyasiyanın hələ də zəifləməməsi və s. hadisələr fonunda yerli analitiklər hesab edir ki, Türkiyə tezliklə yeni seçkilərə gedəcək. Onların fikrincə, yeni seçkilər Türkiyədə siyasi gündəminin sakitləşməsinə xidmət edə bilər.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayevanın sözlərinə görə, Türkiyədə növbədənkənar seçkilər gözlənilsə də bunun tezliklə baş verəcəyinə inanmır.
O xatırlatdı ki, Türkiyədə növbəti prezident və parlament seçkiləri 2028-ci ildə olmalıdır. Z.Qarayeva seçkilərin daha tez, məsələn iddia edildiyi kimi 2026-cı ilin sonlarında olacağına az ehtimal verir:
“Vaxtından əvvəl seçki ehtimalı Türkiyədə artıq sadəcə müxalifətin ritorikası deyil, real siyasi ssenari kimi müzakirə olunur. Bunun əsas səbəbi 2028-ci ildə keçiriləcək növbəti seçkidə Ərdoğanın namizədliyi ilə bağlı konstitusion məhdudiyyətlər, müxalifət daxilində CHP ətrafında yaranan hüquqi və siyasi təzyiqlər, eləcə də iqtisadi narazılığın davam etməsidir. Son olaraq məhkəmənin CHP rəhbərliyi ilə bağlı qərarı və Özgür Özelin kənarlaşdırılması müxalifətin seçkiyə hazırlıq prosesini sarsıdan ciddi hadisə kimi qiymətləndirilir. Bu baxımdan 2027-ci il ssenarisi daha real görünür, çünki hakimiyyət həm siyasi tempi özü müəyyən etmək, həm də müxalifətin toparlanmasına imkan verməmək istəyər. Amma 2026-cı ilin sonlarında seçki ehtimalı hələlik yüksək deyil".
Politoloq bildirdi ki, daha erkən seçki hakimiyyət üçün də risklidir:
"İqtisadi vəziyyət, inflyasiya, lirə üzərində təzyiq və cəmiyyətdə yorğunluq faktoru seçki nəticələrini qeyri-müəyyən edə bilər. Ona görə ən məntiqli ehtimal 2027-ci ilin ikinci yarısıdır. Bu, həm Ərdoğanın yenidən namizədliyi üçün siyasi hüquqi zəmin yaratmaq, həm də müxalifətin İmamoğlu, Özel, Kılıçdaroğlu xəttində parçalanmasından maksimum istifadə etmək baxımından hakimiyyət üçün daha əlverişli zaman pəncərəsi ola bilər”.
Bəsti Rəfizadə
Sfera.az