ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə danışıqlar davam etdiyi bir vaxtda, Amerika mediasından diqqətçəkən bir iddia yayılıb.
Sfera.az xəbər verir ki, ABŞ-nin "Axios" xəbər platformasına danışan iki amerikalı rəsminin sözlərinə görə, Tramp İranla yaşanan gərginliklə bağlı yüksək rütbəli milli təhlükəsizlik rəsmiləri ilə qapalı iclas keçirib.
İranla aparılan danışıqların son vəziyyəti və prosesin çökməsi halında ortaya çıxa biləcək ssenarilərin müzakirə edildiyi toplantıda ABŞ Vitse-prezidenti Ceyms Devid Vens (JD Vance), müdafiə naziri Pit Heqset (Pete Hegseth), Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff (John Ratcliffe) və Trampın Administrasiya rəhbəri Syuzi Uaylz (Susie Wiles) da iştirak edib.
Rəsmilər iddia ediblər ki, İranla aparılan diplomatik prosesdə irəliləyiş əldə olunmasa, Tramp bu ölkəyə qarşı yeni hərbi zərbələr endirmək variantını nəzərdən keçirəcək.
Diplomatik prosesdən xəbərdar olan bir rəsmi isə İranla danışıqları "əzabverici" kimi xarakterizə edib. O bildirib ki, mümkün razılaşmanın layihə mətni hər gün tərəflər arasında gedib-gəlsə də, hələ ki, ciddi bir irəliləyiş qeydə alınmayıb.
"CBS News"a danışan mənbələr isə Tramp administrasiyasının İrana qarşı yeni hərbi hüqumlara hazırlaşdığını iddia ediblər.
Mənbələrin məlumatına görə, bəzi ABŞ hərbi və kəşfiyyat əməkdaşlarının mümkün əməliyyatlarla əlaqədar məzuniyyətləri ləğv edilib. Eyni zamanda, İrandan gələ biləcək mümkün cavab zərbələrinə qarşı Yaxın Şərqdəki hərbi heyət və bazaların yerləşmə planında dəyişikliklər edilib.
Bəsti Rəfizadə
Sfera.az