Lionel Messi çıxış etdiyi “İnter Mayami” klubunun MLS-də “Filadelfiya” ilə keçirdiyi ev oyununda zədələnib.


 


Sfera.az xəbər verir ki, qarşılaşma “İnter Mayami”nin 6:4 hesablı qələbəsi ilə başa çatıb. Oyunda iki məhsuldar ötürmə ilə yadda qalan argentinalı hücumçu 73-cü dəqiqədə Mateo Silvettinin əvəzləməsi ilə meydanı tərk edib. Messi sol ayağını tutaraq tunelə yollanıb. Klub hələlik futbolçunun zədəsinin xarakteri və bərpa müddəti ilə bağlı rəsmi açıqlama verməyib.


 


Qeyd edək ki, Messi daha əvvəl 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün Argentina millisinin genişləndirilmiş heyətinə daxil edilmişdi.


 


Son dünya çempionu olan Argentina qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq. 38 yaşlı futbolçu karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb. O, Avropada “Paris Saint-Germain”“ (PSJ) və “Barselona” klublarında çıxış edib. Messi dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə FIFA Klublararası Dünya Kubokunun qalibi olub Argentinalı ulduz həmçinin 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə mundialın gümüş medalını qazanıb. O, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun sahibi olub.


 


Niyaz Hacıyev


Sfera.az