Amerikanın “Axios” portalının və İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, Vaşinqton administrasiyası İran tərəfinin bir neçə gün ərzində sülh müqaviləsini təsdiqləyəcəyini gözləyir. Eyni zamanda bu razılaşmaya zənginləşdirilmiş uranın İrandan çıxarılması məsələsinin də daxil edilməsi ətrafında müzakirələr gedir.


 


Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, İranda nüvə proqramı ətrafında müzakirələrin ən həssas və texniki baxımdan ən çətin hissələrindən biri məhz zənginləşdirilmiş uranın taleyi məsələsidir.


 


Onuna sözlərinə görə, bu məsələ elə də asanlıqla razılaşdırıla biləcək bənd deyil:


 


“Əvvəlcə onu qeyd etmək lazımdır ki, ABŞ üçün əsas prinsip İranın nüvə silahına yaxınlaşma imkanının minimuma endirilməsidir. Bu baxımdan Vaşinqton və onun müttəfiqləri zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılmasını və ya ən azı ciddi şəkildə beynəlxalq nəzarətə verilməsini strateji təhlükəsizlik tədbiri kimi görür. Bu mənada onlar haqlıdır. Çünki, uran İran daxilində qalarsa, texniki baxımdan onun silaha çevrilməsi riski həmişə mövcud olacaq. Lakin İranın mövqeyi bu məsələdə prinsipial şəkildə fərqlidir. Tehran uranı yalnız enerji istehsalı və elmi məqsədlər üçün suveren hüququnun bir hissəsi kimi qiymətləndirir və uranın ölkədən çıxarılması tələblərinə elə də isti baxmır. İran üçün bu məsələ həm texniki, həm də siyasi simvolizm daşıyır. Onlar nüvə proqramından tam imtinanın ölkə daxilində ciddi siyasi zəiflik kimi təqdim olunacağından çəkinirlər”.


 



Politoloq vurğulayıb ki, bütün bunlara baxmayaraq müyyən ortaq məxrəcə gəlmək imkanları var:


 


“Məsələn, 60 faiz həcmində zənginləşdirilmiş uranın beynəlxalq konsorsiumun nəzarəti altında parçalanması kimi bir razılıq ola bilər. Beynəlxalq təcrübəyə baxdıqda da oxşar modellər mövcuddur. 2015-ci il nüvə sazişi çərçivəsində də İran uran ehtiyatlarını azaldıb və müəyyən hissəsini xaricə çıxarıb, lakin bu proses daha çox müvəqqəti və nəzarətli mübadilə mexanizmi kimi həyata keçirilib. Bu isə göstərir ki, tərəflər arasında kompromis əslində mümkündür. Düşünürəm ki, hazırkı şərtlər daxilində İran ən nəhayət zənginləşdirilmiş uranın ya beynəlxalq nəzarət altında saxlanılması, ya da parçalanmasına razılıq verəcək. Əvəzində də ABŞ sanksiyaların yumşaldılması və ya dondurulmuş aktivlərin bir hissəsinin azad edilməsi kimi addımlar ata bilər. Bu tip mexanizm həm Vaşinqtonun təhlükəsizlik narahatlıqlarını qismən qarşılayır, həm də İranın tam geri çəkilmə görüntüsündən qaçmasına imkan verir".




Niyaz Hacıyev 

Sfera.az