İtaliyanın “Milan” futbol klubunun rəhbərliyi baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərarın verilməsinə səbəb komandanın mövsümün sonundakı qeyri-qənaətbəxş nəticələri olub.
58 yaşlı mütəxəssis 2025-ci ilin may ayında “Milan”ın baş məşqçisi təyin edilmişdi. O, bundan əvvəl 2021-2024-cü illərdə İtaliyanın “Yuventus” klubunu çalışdırıb. Alleqri daha əvvəl də 2014–2019-cu illərdə Turin təmsilçisinin baş məşqçisi olub.
Onun rəhbərliyi altında “Yuventus” beş dəfə İtaliya çempionu (2015–2019), beş dəfə İtaliya Kubokunun sahibi (2015–2018, 2024) olub, həmçinin iki dəfə UEFA Çempionlar Liqasının finalına (2015, 2017) yüksəlib.
Alleqri ilk dəfə 2010-cu ildə “Milan”ı çalışdırıb. O, dörd mövsüm komandaya rəhbərlik edib və 2011-ci ildə klubla İtaliya çempionluğu və İtaliya Superkubokunu qazanıb.
“Milan” cari mövsümü A Seriyasında beşinci pillədə başa vurub və ilk dördlükdə yer ala bilmədiyi üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Komanda son turda öz meydanında “Kalyari”yə 1:2 hesabı ilə məğlub olub. Halbuki heç-heçə belə “Milan”ın Çempionlar Liqasına vəsiqə qazanması üçün kifayət edirdi.
Niyaz Hacıyev
Sfera.az