Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorun inkişafı ilə bağlı strateji hədəfləri elan edib və bildirib ki, 2030-cu ilədək mal əti istehsalında ən azı 20 faiz, qoyun əti istehsalında 9 faiz, quş əti istehsalında isə 30 faiz artım hədəflənir.
Bu hədəflərə nail olunması ət idxalının azalmasına səbəb olmaqla yanaşı, ətin qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər. Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalının həcminin də ölkə üzrə 20 faiz artırılması hədəflənir.
Bildirilir ki, bu da çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına səbəb ola bilər.
Maraqlıdır, idxalın azalması ərzaq qiymətlərinə necə təsir göstərə bilər?
Sfera.az-a bu barədə açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, idxalın azalması ərzaq məhsullarının qiymətinə o zaman təsir edər ki, Azərbaycanın istehsal etdiyi ərzaq məhsulları idxal məhsullarından daha ucuz başa gəlsin:
“Azərbaycanın belə bir potensialı var. Yəni ölkə daha ucuz buğda istehsal edə bilər və nəticədə bizdə daha ucuz un və un məmulatları istehsal olunar. Sadəcə bunu düzgün təşkil etmək lazımdır. Buğdanın qiymətinin ucuz olması üçün məhsuldarlığı artırmaq lazımdır. Məhsuldarlıq isə nəyin bahasına olursa-olsun deyil, istehsal xərclərini artırmamaq şərti ilə yüksəldilməlidir. Belə olduğu halda məhsul da ucuz olar”.
Ekspert əlavə edib ki, heyvandarlıq məhsulları ilə bağlı isə 2030-cu ilə qədər ət və süd istehsalında nəzərdə tutulan artımın əsas şərti yem bazasının gücləndirilməsidir:
“Yem bazasını gücləndirmədən həmin məqsədə nail olmaq mümkün olmayacaq. Çünki heyvanların funksiyası yemi məhsula çevirməkdir. Yem keyfiyyətli və bol olarsa, eyni zamanda maya dəyəri aşağı düşərsə, Azərbaycan həm özünü bu məhsullarla qismən təmin edə bilər, həm də məhsul daha ucuz başa gələr. Problem dərindir və peşəkar yanaşma tələb edir. Həm heyvandarlıq, həm də bitkiçilik sahəsində dərin biliklərə malik mütəxəssislər cəlb edilməlidir. Onların fəaliyyəti nəticəsində ümumilikdə kənd təsərrüfatında irəliləyişə nail olmaq mümkündür. Hazırda su problemləri də, təəssüf ki, mövcuddur.
Ölkə başçısı bildirib ki, 10 süni göl yaradılır. Əgər bu göllər istifadəyə verilərsə, müəyyən dərəcədə kömək edə bilər. Zaman keçdikcə vəziyyət daha da pisləşir. Yəni qlobal istiləşmənin daha ciddi təsirlərini görəcəyik. Həddindən artıq hava dəyişiklikləri, şiddətli istilər, intensiv yağışlar, dolu və digər dağıdıcı təbiət hadisələri artır. Bu prosesin qarşısının alınması üçün atmosferə istilik effekti yaradan qazların tullantıları azaldılmalıdır. Hazırda isə bu tullantılar durmadan artır və gələcəkdə ciddi təhlükələr yarada bilər. Ona görə də Azərbaycan hökuməti həm bunu, həm də qlobal istiləşmənin yaratdığı çətinlikləri nəzərə almalıdır. Məqsəd isə ərzaq məhsullarına olan tələbatın əsas hissəsini daxili istehsal hesabına təmin etməkdir”.
Fidan Hacızadə
Sfera.az