Son günlər dünyada Ebola virusu ilə bağlı yayılan xəbərlər və müxtəlif ölkələrdə qeydə alınan yoluxma halları beynəlxalq ictimaiyyətdə narahatlığı artırıb. Mütəxəssislər virusun yayılma riskini diqqətlə izləyərkən, yeni pandemiya ehtimalı da müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, son günlər dünyada yayılan Ebola virusu pandemiyaya çevrilə bilərmi?
Mövzu ilə bağlı infeksionist Aytən Ziyadova Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, kliniki praktikada “təhlükə” anlayışı virusun öldürücülüyü ilə yox, onun yayılma dinamikası ilə ölçülür:
“Ebola haqqında danışarkən, bir həkim kimi mən ilk növbədə onun patofiziologiyasına baxıram. Bu virus damar endotelini, yəni damarlarımızın daxili divarını hədəf alır. Nəticə nədir? Kütləvi qanaxmalar, hipovolemik şok, kəskin orqan çatışmazlığı. Kliniki mənzərə çox ağırdır, hətta dəhşətlidir. Pandemiya ehtimalı niyə aşağıdır? Çünki bu virus “səs-küylüdür”. O, gizlənə bilmir. Bir xəstə yoluxubsa, çox qısa müddət ərzində o qədər ağır vəziyyətə düşür ki, artıq ayağa qalxıb virusu yaymağa, nəqliyyatdan istifadə etməyə və ya ictimai yerlərdə gəzməyə fiziki imkanı qalmır”.
İnfeksionist qeyd edib ki, bu virusun yayılması virusun yayılma yolu məlumdur və məhduddur. Onun sözlərinə görə, belə xüsusiyyə malik olan virusun pandemiyaya çevrilməs ehtimalı çox azdır:
“Virusun yayılma yolu məlumdur və məhduddur. Yalnız birbaşa təmas virusun yayılmasına səbəb olur. Hava ilə keçən viruslarda isə biz bu qədər yüksək qorunmaya baxmayaraq, xəstəni 3-5 metr aralıda saxlasaq belə, yenə risk altındayıq. Ebola isə belə deyil. O, “səthdən-səthə” və ya “maye-maye” yolu ilə keçir. Ebola COVID-19 deyil. O, hava ilə, sadəcə yanınızda öskürən birindən keçmir. Bu virusun yayılması üçün birbaşa fiziki təmas, yəni xəstənin qanı və ya digər bədən mayeləri ilə təmas şərtdir. Üstəlik, xəstəlik əlamətləri özünü göstərməyənə qədər, yəni inkubasiya dövründə bir şəxs yoluxdurucu hesab olunmur. Bu, bizim üçün, yəni həkimlər üçün xəstəni izolyasiya etmək və zənciri qırmaq deməkdir. Bəli, hazırda yayılan ştammın spesifik bir vaksini və ya hazır dərmanı yoxdur, bu, təbii ki, ciddi bir çətinlikdir. Amma beynəlxalq səhiyyə qurumları artıq həyəcan təbili çalıb və bütün güclər həmin bölgədəki ocaqları nəzarətə almağa yönəldilib. Sərhəd-keçid məntəqələrindəki nəzarət isə virusun qlobal miqyasda yayılmasının qarşısını almaq üçün ən effektiv sipərdir. Narahat olmağa dəyərmi? Xeyr. Ehtiyatlı olmaq lazımdırmı? Bəli, hər zaman olduğu kimi. Gigiyena qaydaları, məsuliyyətli davranmaq və ən əsası, yalnız rəsmi məlumatlara etibar etmək bizi bu cür risklərdən qoruyan ən güclü vasitələrdir. Biz həkimlər olaraq vəziyyəti dəqiq izləyirik”.
Niyaz Hacıyev
Sfera.az