Rəqəmsal dövrün sürətlə inkişafı insan münasibətlərinin formasını da dəyişdirib. Xüsusilə virtual münasibətlərin artması insanların ünsiyyət tərzinə, emosional bağlarına və sosial davranışlarına yeni çalarlar gətirib.
Bu gün bir çox insan real həyatdan çox onlayn platformalarda ünsiyyət qurur, dostluq və hətta romantik münasibətlərini virtual mühitdə formalaşdırır. Bu tendensiya həm imkanlar yaratsa da, eyni zamanda sosial təcrid, emosional məsafə və qeyri-səmimi əlaqələr kimi yeni problemləri də gündəmə gətirir.
Virtual münasibətlərin artması insanların real həyatda sosiallaşmasına və emosional bağlarının güclənməsinə necə təsir edir? Bu proses cəmiyyət üçün daha çox inkişaf, yoxsa risk yaradır?
Bununla bağlı Sfera.az-a danışan sosioloq Naib Niftəliyev bu tendensiyanın bir qədər mürəkkəb və ziddiyyətli bir təmayül kimi özünü göstərdiyini deyib. Onun sözlərinə görə, sosial şəbəkələr, sosial texnologiyalar, virtual reallıq deyilən simulyasiya məkanı insanlara yeni inkişaf imkanları, fürsətlər və əlaqələr üçün əlverişli şərait yaradır:
“Amma digər bir tərəfdən də, yəni bu alternativlər insanların real davranışını, fəaliyyətini buxovlayan bir zəncirə çevrilir. İnsan çox vaxt, belə virtual reallığa alışdıqca sosial ünsiyyəti, real sosial münasibətləri, şəxsi və işgüzar fəallığı, təşəbbüskarlığı, yəni birbaşa real verbal ünsiyyəti tədricən unudur və müəyyən mənada texnologiyalar məkanına qapanmış olur. İkinci bir tərəfdən, belə insanların çoxunda yalançı ad, çoxvariantlılıq və yalançı alternativlər meydana çıxır ki, yəni fikirləşirlər ki, eyni vaxtda bir neçə şəxslə ünsiyyət qurmaqla real seçim imkanı əldə edirlər. Belə bir seçim imkanına malik olduqlarını sadəcə unudurlar və bu baxımdan insanlar sonradan çox alternativlərin, çoxsaylı mümkünlüklərin və hətta virtual xəyanətin normal bir norma kimi qəbul edilməsinə başlayırlar. Bu isə sonradan real bir şəkildə xəyal qırıqlığına çevrilməsinə gətirib çıxara bilir".
Sosioloq əlavə edib ki, bunun üstün tərəfi isə, hər bir insan istədiyi vaxt texnologiyalar sayəsində ünsiyyəti kəsə biləcəyini və problem yaşandıqda hansısa texnoloji baryerlər yaratmaqla bundan qurtulacağını düşünür:
“Belə ki, bloklama imkanı və digər bu kimi funksiyalar insanlara müəyyən nisbi azadlıq və sərbəstlik yaradır. Amma digər bir tərəfdən də, bu sosiallaşmanın qarşılıqlı sosial təsiri, eləcə də qarşılıqlı sosial məsuliyyəti məhdudlaşdıran, azaldan bir amilə çevrilir. Yəni insan sanki davranışlarını kontrol etmədən çoxsaylı vədlər verir və yaxud müxtəlif obrazlara girir. Hətta, süni fotoşop effektləri ilə müəyyən obrazları canlı bir forma və formatda təqdim edə bilir. Bilirsiniz ki, “TikTok”da, “Facebook”da, “Instagram”da bu kimi imkanlar var və digər sosial şəbəkələr də bu texnoloji imkanları tətbiq etməyə çalışırlar. Bu baxımdan, insanın real mahiyyəti, gücü, potensialı ilə onun təqdimatı arasında bir uçurum yaranır. Çox vaxt insanlar bu təqdimatın arxasınca qaçırlar, reallığı görmək istəmirlər. Bu da, yəni ünsiyyətdə gələcək perspektivdə müəyyən inamsızlıq, sosial özünütəcrid, başqalarına güvənməmək və pessimizm kimi duyğuları daha çox qüvvətləndirən faktora çevrilir.
Virtual münasibətlər, təbii ki, real münasibətləri heç bir halda əvəz edə bilməz və reallıq sosiallaşmaq, inkişaf etmək, özünü tanımaq üçün ən doğru bir prosesdir. Burada emosional bağların qüvvətli olması üçün real ünsiyyət, real təbiətə qayıdış, real sosial mühitdə inkişaf çox önəmlidir. Yəni reallıq heç vaxt virtuallıqla qarışdırılmamalıdır. Nə qədər real görünsə belə, texnologiya kompüter arxasında görünən və kompüter arxasında da qalan bir vasitədir. Yəni bu heç də 3D, 5D, 7D, gələcəkdə hətta 35-40D olsa belə, bu effekti əvəz edə bilməz. Düzdür, texnologiyalar artıq robotlar vasitəsilə müəyyən mənada bəzi insan funksiyalarını insanlardan daha bacarıqlı və qabiliyyətli şəkildə yerinə yetirə bilirlər. Amma bu, insanın insan keyfiyyətini və insanın insani qabiliyyətlərini heç də azaltmır. Əksinə, insan o texnologiyalar vasitəsilə nəyisə əldə etməyə çalışırsa, böyük ehtimalla sosiallıq, sədaqət, empatiya, nəciblik kimi keyfiyyətlər texnologiyaların fonunda aşınır. Bu keyfiyyətlər aşındıqca da insan sosiallaşma imkanından və tam şəxsiyyətə çevrilmə potensialından məhrum olur”.
Fidan Hacızadə
Sfera.az