Azərbaycan kənd təsərrüfatı son illərdə ixrac göstəriciləri ilə diqqət çəkir. Yerli meyvə-tərəvəz məhsulları və fındıq xarici bazarlarda rəqabət qabiliyyətini artırıb, ölkəyə milyonlarla dollar valyuta qazandırır.
Xüsusilə fındıqçılıq, bağçılıq və tərəvəzçilik sahələri kənd təsərrüfatının ən gəlirli istiqamətlərindən hesab olunur. Lakin bu uğurlu mənzərənin arxa fonunda daha vacib bir məsələ var: Azərbaycanın əsas ərzaq məhsullarından biri olan buğda üzrə idxaldan yüksək asılılığı davam edir. Dünyada müharibələrin, geosiyasi qarşıdurmaların və iqlim dəyişikliklərinin ərzaq bazarlarına təsirinin artdığı bir vaxtda ölkələrin ərzaq təhlükəsizliyi məsələsi əvvəlkindən daha çox ön plana çıxıb.
Son illər Rusiyanın və Ukraynanın dünya taxıl bazarındakı rolunun azalması, logistika problemləri və qlobal qiymət dalğalanmaları göstərdi ki, ərzaq məhsulları artıq təkcə iqtisadi deyil, həm də strateji və təhlükəsizlik məsələsidir. Belə bir şəraitdə Azərbaycanın özünü buğda ilə cəmi 55 faiz səviyyəsində təmin etməsi və tələbatın təxminən 45 faizini idxal hesabına ödəməsi müzakirələri yenidən aktuallaşdırıb.
Mütəxəssislər hesab edirlər ki, kənd təsərrüfatında ixrac yönümlü sahələrin inkişafı iqtisadi baxımdan vacib olsa da, strateji ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin aşağı qalması müəyyən risklər yaradır.
Bu fonda sual meydana çıxır: Azərbaycan kənd təsərrüfatında ixrac uğurlarını ərzaq təhlükəsizliyi ilə balanslaşdıra bilibmi? Meyvə, tərəvəz və fındıq istehsalındakı nailiyyətlər fonunda buğda üzrə davam edən idxal asılılığı kənd təsərrüfatının inkişaf modelində hansı problemlərdən xəbər verir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən kənd təsərrüfatı eksperti, iqtisadçı Akif Nəsirli bildirib ki, bu vəziyyət kənd təsərrüfatının inkişaf modelində müəyyən balanssızlığın mövcud olduğunu göstərir. Onun sözlərinə görə, son illərdə kənd təsərrüfatında daha çox gəlir gətirən və ixrac potensialı yüksək olan sahələrin inkişafına üstünlük verilib:
“Bu vəziyyət kənd təsərrüfatının strukturunda istehsalın əsasən bazar yönümlü formalaşdığını, lakin strateji planlaşdırma baxımından qeyri-bərabər inkişaf etdiyini göstərir. Meyvəçilik, tərəvəzçilik və fındıqçılıq kimi sahələr həm gəlirlilik, həm də ixrac imkanları baxımından daha cəlbedici olduğu üçün investisiyalar əsasən bu istiqamətlərə yönəlib. Nəticədə ölkənin ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan taxılçılıq, xüsusilə də buğda istehsalı arxa planda qalıb. Bu isə kənd təsərrüfatında ixrac yönümlü ixtisaslaşma ilə daxili ərzaq təminatı arasında tarazlığın pozulduğunu göstərir”.
Ekspert hesab edir ki, dünyada ərzaq təhlükəsizliyinin prioritet məsələyə çevrildiyi bir dövrdə buğda üzrə 45 faizlik idxal asılılığı Azərbaycan üçün ciddi risklər yaradır.
“Ən böyük təhlükə qlobal bazarlardan asılılığın artmasıdır. Beynəlxalq taxıl bazarlarında qiymətlərin yüksəlməsi və ya tədarük zəncirində yaranan hər hansı problem birbaşa ölkədaxili bazara təsir edir. Bu zaman unun və çörəyin qiymətində bahalaşma qaçılmaz olur. Digər tərəfdən, ixracatçı ölkələrdə tətbiq olunan məhdudiyyətlər, geosiyasi gərginliklər və ya tranzit marşrutlarında yaranan problemlər taxıl təchizatını təhlükə altına sala bilər”.
A.Nəsirli vurğulayıb ki, iqlim dəyişikliyi fonunda dünya üzrə kənd təsərrüfatı istehsalında yaranan qeyri-müəyyənliklər də idxaldan asılı ölkələrin risklərini artırır:
“Qlobal quraqlıqlar, məhsuldarlığın azalması və müxtəlif böhranlar nəticəsində bazarda təklif darala bilər. Belə şəraitdə idxalçı ölkələr daha çox çətinliklə üzləşirlər. Ona görə də buğda kimi strateji məhsullar üzrə daxili istehsalın artırılması təkcə kənd təsərrüfatı məsələsi deyil, həm də milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsidir”.
Ekspertin fikrincə, qısamüddətli dövrdə idxal iqtisadi baxımdan daha sərfəli görünə bilər. Lakin uzunmüddətli perspektivdə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün yerli buğda istehsalının genişləndirilməsi və bu sahəyə daha çox dəstəyin göstərilməsi vacibdir.
Qeyd edək ki, son illərdə Azərbaycanın kənd təsərrüfatı ixracı artsa da, strateji ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məsələsi gündəmdə qalır. Qlobal ərzaq bazarlarında baş verən dəyişikliklər fonunda buğda təminatı məsələsi ölkənin iqtisadi və sosial təhlükəsizliyinin əsas komponentlərindən biri hesab olunur.
Firuzə Əliyeva
Sfera.az