Futbol üzrə Dünya çempionatının başlanmasına sayılı günlər qalıb.
İyunun 11-də başlayıb iyulun 19-dək davam edəcək mundialın matçları ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyində, 16 fərqli şəhərdə keçiriləcək. Əvvəlki çempionatlardan fərqli olaraq, bu dəfə 32 yox, 48 seçmə komandanın iştirakı nəzərdə tutulub.
Komandalar hər birində 4 yığma olmaqla 12 qrupda mübarizə aparacaqlar. atçların ümumi sayı əvvəlki 64-dən 104-ə qədər artırılıb. Dominos pizza
Azərbaycanlı məşhurlar hansı milliyə azarkeşlik edəcək?
“Yeni Sabah” bir sıra şəxslərin turnirlə bağlı proqnozlarını öyrənib:
Yazıçı-publisist Seyran Səxavət: “Futbolu çox sevirəm və tələbə olanda universitet komandasında oynamışam. Ən çox sevdiyim komanda “Neftçi” olub. İndi ondan bir az da çox istədiyim komanda “Qarabağ”dır.
Özüm vaxtilə Braziliya futboluna azarkeşlik etmişəm. Çox istəyərdim ki, Azərbaycan millisi dünya çempionatında iştirak etsin və ona azarkeşlik edim. Amma mənə elə gəlir ki, yaxın 50 ildə bu mümkün olmayacaq.
Barselona şəhərində olmuşam və “Barselona” klubunu çox sevirəm. Bu dünya çempionatında İspaniya millisinə azarkeşlik edəcəyəm. Çox istəyərəm ki, onlar mundialın qalibi olsun. Mən əsl futbolu ispanlarda görmüşəm. Oyunların keçirilmə saatlarına gəlincə, ürəyimə yatan komandalar oynayanda gecə saat 4-də də olsa baxacam. Vaxt heç vaxt həvəsə diqtə edə bilməz”.
Milli Məclisin deputatı Elman Nəsirov: “Həmişə Braziliya futboluna üstünlük vermişəm. Məsələn, İtaliya millisi dəfələrlə dünya çempionu olub. Ancaq onlar həddən artıq müdafiəmeyilli və oyunun tempini salmaqla nəyəsə nail olmaq istəyirlər. Tamaşaçı bundan zövq almır. Amma braziliyalı futbolçular sanki topla janqlyorluq edirlər. Onlar futbol sehrbazlarıdır. Bu baxımdan, mən mundialda Braziliya millisini dəstəkləyirəm. Favoritim də məhz Braziliya seçməsidir. Vaxt imkan verdikcə, çempionatın oyunlarına baxmağa çalışacam”.
Deputat Aqil Abbas: “Mən dünya çempionatında Braziliya və Türkiyə millilərinə azarkeşlik edəcəyəm. Favoritim isə Braziliyadır”.
İş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar): “Ümumiyyətlə futbola baxmıram. Buna görə də dünya çempionatını da izləməyəcəm”.
Deputat Azər Badamov: “Futbol üzrə dünya çempionatlarını izləmirəm”.
Ağ Partiyanın başqanı Tural Abbaslı: “Bu dünya çempionatında qardaş Türkiyə və Özbəkistan millilərinə azarkeşlik edəcəyəm. Favoritlərim isə Almaniya və Braziliyadır. Amma Kriştianu Ronaldoya görə Portuqaliyanın kuboka yiyələnməsini istəyərəm. Oyunların hər birinə oturub baxacam desəm, yalançı olaram. Amma azarkeşlik etdiyim komandaların qarşılaşmalarına baxacam”.
Deputat Aydın Mirzəzadə: “Mən futbol azarkeşiyəm. Ayrıca azarkeşlik etdiyim hansısa milli komanda yoxdur. Sadəcə oyuna baxıb həzz almaq istəyirəm. Yarış belə şeydir ki, gözlənilməz nəticələr çox olur. Zəif görünən komanda birdən-birə finala qədər gedib çıxır. Dəfələrlə belə hallar olub. Turnirin gözəlliyi də elə buradadır”.
Deputat Elman Məmmədov: “Səmimi desəm, mən elə də güclü futbol azarkeşi deyiləm. Amma bu turnir dünya çempionatıdır. Qardaş Türkiyə millisinin matçlarını izləyəcəm. Son dəfə Çempionlar Liqasının finalını, “Arsenal” – PSJ qarşılaşmasını izlədim. Çox maraqlı idi. Oyunların gecə saatlarında olması səbəbindən, yəqin ki, təkcə Türkiyənin görüşlərini izləyəcəm”.
Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa: “Bu mundialda təbii ki, əsas olaraq Türkiyə və Özbəkistan millisinin oyunlarına baxacağam. Hər iki komanda favoritimdir. Açığı, digər tərəfdən bu çempionatda qalib olmağa layiq komandalar çoxdur. Düşünürəm ki, Argentina və Fransa qalibiyyətə daha yaxındır. Ona görə də bu iki komanda daha lider kimi görünür. Fransa hətta daha güclü heyyətə malikdir. Argentinada isə vəziyət belə deyil. Heç Messi də həmişəki Messi deyil. Bir az fiziki baxımdan bu oyunların yükünü daşımaq çətindir. Lakin sürpriz komanda qabiliyyəti də ola bilər”.
Xatırladaq ki, turnirin açılış oyunu 11 iyunda Meksikanın paytaxtındakı əfsanəvi "Asteka" (Estadio Azteca) stadionunda, böyük final oyunu isə 19 iyulda ABŞ-ın Nyu Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.
Nazim Hacıyev
Telegram kanalımız