Meyvələrin mövsümündə istehlak edilməsinin daha faydalı olduğu ilə bağlı geniş yayılmış fikir mövcuddur. Xüsusilə yaz və yay aylarında yetişən çiyələk, alça və digər giləmeyvələr həm qida dəyəri, həm də vitamin tərkibi ilə diqqət çəkir. Lakin mütəxəssislər bu məhsulların istehlakı zamanı həm potensial allergik reaksiyaların, həm də gigiyenik qaydalara əməl olunmadıqda yarana biləcək qida zəhərlənməsi risklərinin nəzərə alınmasının vacibliyini qeyd edirlər.
Bəs həqiqətən, mövsümi meyvələr allergiya yarada bilərmi və zəhərlənmə ehtimalı varmı?
Məsələ ilə bağlı dietoloq Ləman Süleymanova Sfera.az-a açıqlama verib.
Mütəxəssis öncə mövsümi giləmeyvələrin faydasından bəhs edib:
“Bu mövsüm xüsusilə meyvə və giləmeyvələrin bol olduğu dövrdür. Mövsümi giləmeyvələr insan sağlamlığı üçün olduqca faydalıdır və vitaminlərlə zəngindir. Məsələn, vitaminoterapiyanın təyin olunması daha çox payız və qış aylarında aktuallaşır. Çünki hava soyuduqca orqanizmin ətraf mühit amillərinə və infeksiyalara qarşı müqavimət sistemi daha aktiv işləməyə başlayır. Eyni zamanda maddələr mübadiləsi zülal, yağ, karbohidrat, vitamin və mineral mübadiləsi də aktivləşir. Bunun nəticəsində insanlar bəzən daha rahat çəki itirir və immun sistemi daha güclü fəaliyyət göstərir. Məsələn, yay aylarında bir çox insanlarda D vitamini çatışmazlığının qarşısı günəş şüalarının təsiri ilə müəyyən qədər alınır. Bu səbəbdən bəzi hallarda əlavə vitamin qəbuluna ehtiyac olmur. Çünki orqanizmin ehtiyac duyduğu bir çox faydalı maddələr mövsümə uyğun meyvə və giləmeyvələrdə mövcuddur. Bu mövsümün ən gözəl giləmeyvələri arasında çiyələk, alça, albalı və digər meyvələr var. Onların hər biri vitamin və minerallarla zəngindir, orqanizmə faydalı təsir göstərir”.
L.Süleymanova mövsümi meyvələrin hansı hallarda allergiya və zəhərlənmə riski yarada biləcəyini də vurğulayıb:
“Bu, əsasən mövsümə uyğun olmayan, süni üsullarla yetişdirilən və ya düzgün saxlanılmayan məhsullarla bağlı olur. Bəzən bəzi satıcılar təbii məhsul adı altında keyfiyyətsiz və ya uzun müddət saxlanılmış meyvələri satışa çıxarırlar. Bu isə sağlamlıq üçün risk yarada bilər. Təbii çiyələyin özünəməxsus ətri və dadı olur. İnsan onu yedikdə bu xüsusiyyətləri hiss edir. Lakin bəzi iri ölçülü və keyfiyyətsiz çiyələklərdə həmin dad və ətir hiss olunmaya bilər. Buna görə də məhsul seçərkən diqqətli olmaq vacibdir. Bundan əlavə, meyvə və giləmeyvələr isti şəraitdə və ya günəş altında uzun müddət saxlanıldıqda xarab ola bilər. Belə hallarda onların tərkibində mikroorqanizmlərin çoxalması sürətlənir və zəhərlənmə riski artır. Xüsusilə çiyələkdən hazırlanmış yoqurt, kokteyl və digər məhsullar üçün istifadə olunan meyvələrin təzə və keyfiyyətli olması vacibdir. Xarab olmuş və ya düzgün saxlanılmamış məhsullar müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir. Təbii şəraitdə yetişdirilmiş və mövsümə uyğun meyvələr isə nadir hallarda zəhərlənmə yaradır. Belə hallar əsasən fərdi həssaslığı olan insanlarda müşahidə edilir. Bəzi şəxslərin immun sistemi həmin meyvələrin tərkibindəki müəyyən zülalları yad maddə kimi qəbul edir və nəticədə allergik reaksiyalar qaşınma, səpkilər və digər əlamətlər meydana çıxa bilir. Digər mühüm məqam gigiyenik qaydalara əməl edilməsidir. Məsələn, çiyələk torpağa yaxın yetişdiyi üçün onun səthində müxtəlif bakteriyalar, o cümlədən salmonella kimi mikroorqanizmlər ola bilər. Meyvələr yaxşı yuyulmadıqda bu bakteriyalar qida zəhərlənməsinə səbəb ola bilər. Saxlanılma şəraiti də böyük əhəmiyyət daşıyır. Meyvə və giləmeyvələr uyğun temperaturda saxlanılmadıqda, günəş şüaları altında uzun müddət qaldıqda kif göbələklərinin və digər zərərli mikroorqanizmlərin yaranması mümkündür.
Ümumilikdə, mövsümə uyğun, təbii şəraitdə yetişdirilmiş, düzgün saxlanılmış və yaxşı yuyulmuş meyvə-giləmeyvələrin qəbulu sağlamlıq üçün faydalıdır. Risklər isə əsasən gigiyena qaydalarının pozulması, düzgün olmayan saxlanılma şəraiti və fərdi həssaslıq halları ilə bağlıdır”.
Bəsti Rəfizadə
Sfera.az