ABŞ-nin NATO vasitəsilə müttəfiqlərini Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin etibarlılığına əmin etmək üçün Avropa ölkələrində əlavə nüvə silahlarının yerləşdirilməsi imkanlarını araşdırdığı bildirilir.
NATO-nun nüvə resurslarının paylaşılması proqramına Amerika DCA-larının yerləşdirilə biləcəyi Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya daxildir.
Bəs ABŞ-nin Avropada əlavə nüvə silahları yerləşdirmək niyyəti hansı məqsədi güdür? Bu addım NATO-Rusiya münasibətlərinə necə təsir göstərə bilər və yeni silahlanma yarışı riskini artırırmı?
Mövzu ilə Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ-nin NATO çərçivəsində Avropada əlavə nüvə silahlarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirməsi klassik “nüvə çəkindirmə” məntiqinin gücləndirilməsi ilə bağlıdır.
Onun sözlərinə görə bu addımın arxasında bir neçə paralel strateji məqsəd dayanır və bunlar təkcə hərbi deyil, həm də siyasi-psixoloji xarakter daşıyır:
“İlk məqsəd Avropada təhlükəsizlik zəmanətlərinin etibarlılığını artırmaqdır. Son illərdə xüsusilə ABŞ daxilində “Avropa öz təhlükəsizliyinə daha çox töhfə verməlidir” yanaşması güclənib. Bu fonda bəzi Avropa ölkələrində, xüsusilə Şərqi Avropada, ABŞ-nin gələcəkdə təhlükəsizlik öhdəliklərini azalda biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Nüvə silahlarının və ya ABŞ-nin ikili istifadə - DCA sistemlərinin Avropada genişləndirilməsi bu narahatlıqları azaltmaq və NATO-nun kollektiv müdafiə prinsipinin real və etibarlı qalmasını nümayiş etdirmək məqsədi daşıyır. İkinci məqsəd Rusiyaya qarşı strateji çəkindirmənin gücləndirilməsidir. Ukrayna müharibəsindən sonra NATO-nun şərq cinahında hərbi aktivlik artıb və alyans Rusiya tərəfindən potensial eskalasiya riskini daha ciddi qiymətləndirir. Nüvə komponentinin Avropada gücləndirilməsi Moskva üçün birbaşa siqnal funksiyası daşıyır. Yəni mesaj ondan ibarətdir ki, NATO istənilən regional eskalasiyanı yalnız konvensional deyil, nüvə balansı daxilində də idarə etməyə hazırdır. Daha bir məqsəd isə alyans daxilində birlik və siyasi inteqrasiyanı möhkəmləndirməkdir. NATO-da nüvə paylaşımı proqramında iştirak edən ölkələr, yəni söhbət Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədən gedir, faktiki olaraq ABŞ-nin nüvə strategiyasının bir hissəsinə çevrilir. Bu isə həm qərarvermə prosesində inteqrasiyanı artırır, həm də ABŞ-nin Avropadakı liderlik rolunu institutlaşdırır”.
R.Bayramovun sözlərinə görə, bu prosesin özü Avropada birmənalı qarşılanmır:
“Xüsusilə Almaniyada və bəzi Qərbi Avropa ictimaiyyətində nüvə silahlarının genişləndirilməsi riskli eskalasiya addımı kimi qiymətləndirilir və “silahlanma yarışını artırmaq” narahatlığı yaradır. Alyansa daxil olmayan əsas aktor Rusiya da bu təşəbbüslərə prinsipial şəkildə mənfi yanaşır. Moskva belə addımları birbaşa öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bunu NATO-nun şərqə doğru “nüvə infrastrukturunun genişlənməsi” kimi təqdim edir. Rusiya tərəfi uzun illərdir bildirir ki, ABŞ-nin Avropada nüvə silahlarını saxlaması 1968-ci il Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ruhuna ziddir və strateji sabitliyi pozur. Ümumiləşdirərək deyim ki, ABŞ-nin Avropada nüvə mövcudluğunu gücləndirmə niyyəti sadəcə hərbi yerləşdirmə deyil, daha geniş geosiyasi balansın qorunması, NATO-nun daxili birliyinin saxlanması və Rusiyaya qarşı strateji çəkindirmənin gücləndirilməsi məqsədi daşıyır. Lakin bu yanaşma eyni zamanda yeni silahlanma yarışı riskini də artırır və Avropa təhlükəsizlik arxitekturasını daha gərgin və həssas mərhələyə daxil edə bilər”.
Firuzə Əliyeva
Sfera.az