Bəzi hallarda insanlar qanunsuz işlərini həll etdirmək və ya qanunsuz nəticə əldə etmək ümidi ilə kiməsə pul verirlər.


 


Sonradan vəd yerinə yetirilməyəndə isə həmin pulu məhkəmə yolu ilə geri almağa çalışırlar. Ancaq əksər hallarda bu mümkün olmur.


 


Sfera.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib. Məlumata görə, məhkəmə hər hansı pulun geri qaytarılması tələbinə baxarkən əvvəlcə onun hansı hüquqi əsasla verildiyini araşdırır. Pulun qaytarılması üçün həmin məbləğ müqavilə, vurulmuş zərər, əsassız varlanma və ya qanunda nəzərdə tutulan digər əsaslardan qaynaqlanmalıdır. Qanunsuz məqsədlə verilən pullar isə hüquqi müdafiə olunan münasibət hesab edilmir. Buna görə də belə hallarda məhkəmə iddianı təmin etmir. Məhkəmələr ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırır.


 


Əgər müəyyən olunarsa ki, tərəflər qanuna zidd nəticə əldə etmək üçün hərəkət ediblər, verilən pulun geri qaytarılması barədə tələb rədd edilir. Ali Məhkəmə onu da xatırladıb ki, belə hallarda vətəndaşlar təkcə pullarını itirmirlər. İş materiallarında qanun pozuntusu əlamətləri aşkar edilərsə, məhkəmə xüsusi qərardad çıxararaq materialları araşdırılması üçün prokurorluğa göndərə bilər. Bu səbəbdən vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni əsaslarla qurmaq, qanunsuz vədlərə və təkliflərə inanmamaq tövsiyə olunur.


 


Firuzə Əliyeva


Sfera.az