Azərbaycanın ümumtəhsil məktəblərində kişi və qadın müəllimlərin say nisbətində uzun illərdir ciddi fərq müşahidə olunur. Təhsil sahəsində gender bərabərliyinin təmin edilməsi üçün tədbirlərin görülməsinə baxmayaraq, hələ də çalışanların böyük əksəriyyətini qadınlar təşkil edir.


 


Sfera.az-ın Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, hazırda ümumtəhsil məktəblərində 139 mindən çox müəllim fəaliyyət göstərir.


 


Onların 84,9 faizini qadınlar, 15,1 faizini isə kişilər təşkil edir.Verilən statistika mənfi tendensiyanı ortaya qoyub. Kişi müəllimlərin sayının qadın həmkarlarından dəfələrlə az olması bir sıra suallar doğurur: Azərbaycanda nəyə görə kişi müəllimlərin sayısı qadın müəllimlərin sayından qat-qat azdır?


 


Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi fikirlərini bölüşüb.


 



 


Onun sözlərinə görə, 25-30 il əvvəl təhsil sahəsində daha çox kişiləri görmək olurdu; istər bu sahənin idarəetməsində, istərsə də ibtidai və yuxarı siniflərdə dərs deyən müəllimlərin əksəriyyəti kişi idi:


 


“Həmin dövrün nizam-intizam, təlim-tərbiyə qaydaları daha yaxşı idi. Bu gün ölkənin 4000-dən çox orta məktəbində çalışan 140 minə yaxın müəllimin cəmi 20 min nəfərdən bir qədər artığı kişidir. Müəllimlərin işə qəbul imtahanında (MİQ) iştirak edən təxminən 55-60 min namizədin 80-85 faizini qadınlar təşkil edir. Bu vəziyyət olduqca acınacaqlıdır və bunun bir çox səbəbləri var. Əsas səbəb, əlbəttə ki, əməkhaqqı ilə bağlıdır. Bilirsiniz ki, ailələrdə maddi yük əsasən kişilərin üzərindədir və belə olan halda onlar müəllimliklə ailəni dolandıra bilməyəcəklərini düşünürlər. Bu problem xeyli sayda kişi müəllimi sözügedən sahədən uzaqlaşdırıb. Kişi müəllimlər istədikləri qazancı orta məktəblərdə əldə edə bilmədikləri üçün özəl təhsil müəssisələrinə və ya tədris kurslarındakı işlərə cəlb olunurlar. Fikrimcə, təhsil sahəsində kişi müəllimlərin sayının artırılması üçün ilk növbədə xüsusi proqramlar həyata keçirilməlidir. Həvəsləndirici, stimulverici və motivasiyaedici layihələr olmalıdır. Pedaqoji yönümlü ixtisasları seçən kişi abituriyentlərə müvafiq təqaüdlər təqdim etmək, müəyyən imtiyazlar tanımaq, onlara daha asan kredit götürmək imkanı yaratmaqla güzəştlər tətbiq olunarsa, ən azı 15-20 il əvvəlki dövrü yenidən qaytarmış olarıq”.


 


Ekspert şagirdlərin məktəbdə yalnız qadın müəllimləri görməsinin mənfi təsirlərini də vurğulayıb:


 


“Təsəvvür edin, uşaq məktəbəqədər təhsil müəssisəsində, orta məktəbdə və daha yuxarı təhsil pilləsində ancaq xanım müəllimləri görür. İstər qız, istərsə də oğlan şagirdlər xanım müəllimlərin davranış xüsusiyyətlərini mənimsəyirlər. Cəmiyyətimizdə əksər oğlan uşaqlarının davranışlarında bunun fəsadlarını görürük. Bunlar yolverilməzdir. Artıq düşünmək və bu istiqamətdə işlər görmək lazımdır. Təhsildə baş verən neqativlərin kökündə idarəetmədə olan boşluqlar dayanır. Təhsil alan 1 milyon 600 mindən çox şagirdin hamısı öz məsuliyyətini dərk etmir. Şagird müəllimindən, direktor müavinindən və direktordan çəkinmirsə, bu, artıq xoşagəlməz vəziyyətdir. Digər təəssüf doğuran məqam cəmiyyət tərəfindən ixtisasların kişi və qadın cinsinə bölünməsidir. Elə bir yanaşma formalaşıb ki, kişilər məktəbəqədər və ibtidai təhsil sahələrində oxumaq istəmirlər; dərhal ictimai qınağa məruz qalırlar. Hazırda bu ixtisaslarda, eləcə də ingilis dili, Azərbaycan dili və digər pedaqoji sahələrdə demək olar ki, yalnız qadınlar təhsil alır”.


 



 


Məsələ ilə bağlı fikir edən digər təhsil eksperti Cahid İmanovun fikrincə isə məktəbdə kişi müəllimlərin sayının az olmasının fərqli səbəbləri var:


 


“Məsələn, müəyyən milli stereotiplərə görə ibtidai sinif, musiqi, xarici dil müəllimlərinin əksəriyyətini xanımlar təşkil edir. İkincisi, adətən ailə başçısının kişi olması və ailə büdcəsini onun qarşılaması faktorudur. Bu amilə görə də kişi müəllimlər standart əməkhaqqı az olduğuna görə tədricən məktəbdən uzaqlaşdılar. Digər bir səbəb məktəbdaxili şagird nizam-intizam qaydalarının düzgün qurulmamasıdır. Hansısa kişi müəllim şagirdlə yaranan münaqişə nəticəsində azca da olsa fiziki güc göstərən zaman günahkara çevrilir, qınaq obyekti olur. Halbuki münaqişənin bu səviyyəyə çatmaması üçün işlək mexanizm yoxdur. Müəllimlərin bir qismi bu səbəbdən ya məktəbdən ayrılır, ya da yeni məzunların peşəyə marağı itir və digər sahələrdə işləməyə üstünlük verirlər. Açığı, bu gün məktəbdə işləyən kişi müəllimlərin bir qismi əsas gəlirini repetitorluqdan qazandığı üçün məktəbdə qalıb, bir qisminin isə əlindən başqa iş gəlmədiyi üçün. Bu, problemin yalnız bir hissəsidir. Bunun qarşısını almaq üçün dövlət səviyyəsində araşdırma aparılmalı və xüsusi dövlət proqramı qəbul edilməlidir”.




Bəsti Rəfizadə

Sfera.az