“Artıq həyatımızın tərkib hissəsinə kiber təhlükəsizlik, kiber vətən, kiber suverenlik və kiber sərhədlər kimi terminlər daxil olmaqdadır”.


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması haqqında fərman ölkədə kiber təhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


 


Deputat qeyd edib ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və fiziki təhlükələrlə məhdudlaşmır. Onun sözlərinə görə, dövlətin, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal texnologiyalardan asılılığının artması kiber təhdidləri milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevirib.


 


Razi Nurullayev vurğulayıb ki, Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın bu sahədə institusional imkanlarını gücləndirəcək, dövlət informasiya sistemlərinin və infrastrukturunun qorunmasına, həmçinin kiber cinayətkarlıq və kiberhücumlarla mübarizədə daha effektiv koordinasiyanın təmin edilməsinə xidmət edəcək.


 


Deputat çıxışında əmlak sığortası məsələsinə də toxunub. O bildirib ki, seçildiyi İmişli rayonunda vətəndaşlarla görüşlər zamanı tez-tez yanğın nəticəsində evini və ya obyektini itirmiş insanlarla qarşılaşır.


 


“Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 30-50 manat civarındadır. Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilər”, – millət vəkili qeyd edib.


 


Razi Nurullayev hesab edir ki, mövcud vəziyyət sistemli yanaşmanın gücləndirilməsini tələb edir və “əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir”. Onun sözlərinə görə, bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. “Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını yenidən məcburi fazaya keçirməliyik”,– deputat əlavə edib.


 


Firuzə Əliyeva


Sfera.az