“20 ballıq hədd əsas işi sürücü olanlar üçün xüsusilə qeyri-ədalətli hesab edilməkdədir”.


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, uzunmüddətli sürücülük fəaliyyəti ilə məşğul olan peşəkar sürücülər avtomobil yollarının ən aktiv iştirakçılarıdır.


 


Deputatın sözlərinə görə, xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali üçün əsas dolanışıq vasitələrindən biridir. “Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır, ailənin bütün üzvlərini əhatə edən ağır iqtisadi problemə çevrilir”,– o qeyd edib.


 


Naqif Həmzəyev vurğulayıb ki, sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə illik həddə çatır. Bu isə bir sıra hallarda sürücülərin gəlirsiz qalmasına, hətta işlərini itirməsinə səbəb olur. Deputat bildirib ki, taksi sürücüsü və ya peşəkar sürücü olanlar hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur.


 


O, problemin həlli üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını, həmçinin bal sisteminin əsasən ağır qayda pozuntularına tətbiq edilməsini təklif edib. Naqif Həmzəyev yol hərəkəti qaydalarının ədalətli tətbiqi üçün infrastruktur problemlərinin də həllinin vacibliyini qeyd edib. O bildirib ki, Gəncə şəhərində və digər regionlarda yolların xətləmə işlərinin daha keyfiyyətli aparılmasına ehtiyac var.


 


Deputat həmçinin ağacların arxasında qalan, silinən, görünməz halda olan nişanların inventarizasiyasının aparılması və vaxtında yenilənmələrinin nəzarətə götürülməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, o, infrastrukturu tamamlanmamış yollarda kameralar vasitəsilə cərimə tətbiqinin müvəqqəti dayandırılmasını və sürücülər üçün əlçatan şikayət mexanizminin yaradılmasını təklif edib.


 


Firuzə Əliyeva


Sfera.az